Maykl Ceksonun ölümü ilə bağlı üç nəfərə qarşı ittiham irəli sürüləcək
20 İyul 2009 Bazar Ertəsi 10:15
ABŞ polisi Maykl Ceksonun həkimləri Konrad Mürrey və Arnold Kleynə qarşı qətl maddəsi ilə ittiham irəli sürmək niyyətindədir.
APA-nın məlumatına görə, bu barədə Mail on Sunday qəzetinə müğənninin bioqrafı, jurnalist Yen Xalperin bildirib.O, polisin daha bir nəfərə qarşı ittiham irəli sürməyə hazırlaşdığını deyib. Həkimlərə qarşı bu ittihamın irəli sürülməsinə səbəb müğənninin müalicəsi zamanı ev şəraitində qadağan olunmuş propofol preparatından istifadə olunmasıdır. Qeyd edək ki, müğənninin ölümündə əsas günahkar onun şəxsi həkimi Konrad Mürrey hesab olunur. O Maykl Ceksona güclü ağrıkəsici preparatlar, o cümlədən propofol verməkdə günahlandırılır. Qeyd edək ki, müğənninin ölümündən sonra onun evində çoxlu miqdarda propofol tapılıb. Bu dərmandan yalnız stasionar müalicə zamanı istifadəyə icazə verilir. Eyni zamanda bu dərman yalnız yüksək peşəkarlıq keyfiyyətlərinə malik anestezioloq tərəfindən yazılmalıdır. Los-Anceles polisinin gəldiyi qənaətə görə, Ceksonun həkimi verilən preparatın dozasını düzgün müəyyənləşdirə bilməyib və bu yanlışlıq müğənninin ölümü ilə nəticələnib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar