Mars planetində həyat əlamətlərinin axtarışları üçüncü dəfə yenidən təxirə salınıb. ANS PRESS-in "Mignew.ru"a istinadən verdiyi xəbərə görə, Avropa pilotsuz elmi-tədqiqat ExoMars missiyası Marsda həyat əlamətlərinin axtarışlarını 2018 –ci ilə kimi təxirə salıb.
Qeyd edək ki, bu layihə artıq üçüncü ildir ki, təxirə salınır. İlk dəfə planetlərarası ExoMars stansiyasiyasının “Qırmızı panet”ə 2011-ci ildə göndərilməsi nəzərdə tutulub.
Layihənin təşkilatçısı Avropa Kosmik agentliyi hesab edir ki, ExoMars missiyasının təxirə salınmasından maksimum dərəcədə fayda əldə etmiş olacaqlar. Belə ki, agentlik NASA-ilə əlaqələri gücləndirmək niyyətindədir: hər iki tərəfin mütəxəssisləri 2016, 2018 və 2020-ci illərdə start götürə biləcək tədqiqat missiyasının konseptual sxeminin hazırlanması üzərində çalışacaqlar.
ExoMars-ın stansiyası planetə Amerika raket-daşıyıcısı "Atlas" vasitəsi ilə buraxılacaq. “Qırmızı planet” in səthində enmə işləri ilə bu sahədə artıq təcrübəsi olan amerikalı mütəxəssislər məşğul olacaqlar.
Xatırladaq ki, "Qırmızı planet"in səthində uzun illərdir ki, tədqiqat işləri aparılır.
Aparılan tədqiqatlar zamanı ən böyük tapıntı- Mars planetinin səthində nəhəng buz qatı qalıqlarının tapılması olub. Bu NASA tərəfindən "Qırımızı planet" haqqında olan mühüm tapıntılardan biridir. Bu mühüm hadisə planet barəsində məlumat toplayan və amerikalılara məxsus "Mars Odyssey" zondu tərəfindən kəşf edilib.
Buz qalıqları daş və toz dənəciklərindən ibarət səthi qatların arasında- reqolitlərdə tapılıb. Bəzi alimlərin iddialarına görə, planetdəki buz örtüyü əridiyi təqdirdə bu, planetin 500 metr dərinlikdə okean suyu ilə örtülməsinə gətirib çıxarar. "Mars Odysssey" zondunda xüsusi qamma-spektor cihazı yerləşdirilib ki, bu da Marsın səthindən 1 metr dərinlikdə hidrogenin mövcudluğunu öyrənməyə icazə verir.
Alimlər iddia edirlər ki, hidrogen buz kristallarının tərkibində yerləşir. Analoji cihazların köməkliyi ilə 1998-ci ildə Ayın kölgəli qütblərində buz qatlarını aşkar etmək mümkün olub.
“Qırmızı planet” in səthində Rusiya, Amerika və Yapon alimləri tədqiqat işləri aparıblar. Onların qənatinə görə, planet haqqındakı hazırki məlumatlar Marsda suyun mövcudluğunu tam şəkildə sübut etmək üçün kifayət deyil. Və məhz buna görə də planetdə tədqiqat işlərinin davam etdirilməsinə ehtiyac var. /ANS PRESS/