Marqaret Tetçer hərbçi kimi dəfn ediləcək
09 Aprel 2013 Çərşənbə Axşamı 10:28
"Dəmir Ledi"nin dəfn mərasiminin təntənəli keçirilməsi qərarını Britaniya kraliçası II Yelizaveta verib.
Ötən gün ürək tutmasından vəfat etmiş Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin dəfn mərasiminin necə keçiriləcəyinin təfərrüatları məlum olub. Böyük Britaniya baş nazirinin kargüzarlıq xidmətinin məlumatına görə, baronessa Marqaret Tetçer üçün hərbçi şərəfi ilə təntənəli dəfn mərasimi keçiriləcək. Tetçerin dəfn mərasiminin təntənəli keçirilməsi qərarını isə Britaniya kraliçası II Yelizavetanın verdiyi bildirilir. Dəfn mərasiminin miqyası kral ailəsinin üzvləri üçün təşkil olunan dövlət səviyyəsində dəfn mərasimindən bir az geri qalacaq. Britaniya tarixində bu qayda üçün yeganə istisna 1965-ci ildə Uinston Çörçill üçün edilmiş, dövlət səviyyəsində dəfn mərasimi keçirilmişdi.
Qeyd edək ki, Marqaret Tetçerin tabutu Müqəddəs Pavel kilsəsinə gətiriləcək və orada vida mərasimi keçiriləcək. Tabutun daşınacağı marşrut üzrə yollarda Britaniya ordusunun, hərbi-dəniz və hərbi-hava qüvvələrinin hərbçiləri keşik çəkəcək. Vida mərasimindən sonra isə Marqaret Tetçerin meyidi kremasiya olunacaq ki, bu mərasimə yalnız onun yaxınları buraxılacaq.
Xatırladaq ki, Böyük Britaniyanın ilk qadın baş naziri olan "Dəmir Ledi" ləqəbli Marqaret Tetçer dünən səhər Londonun "Ritç" otelində ürək tutmasından dünyasını dəyişib. 87 yaşlı Tetçer son illərdə səhhəti ilə bağlı problemlər yaşayırdı və 2002-ci ildə ictimaiyyət qarşısında çıxış etməkdən imtina etmişdi.
DOSTLARINLA PAYLAŞ: