Marneulidə NATO guşəsi açılıb
16 İyul 2012 Bazar Ertəsi 21:51
Bu gün Marneulidəki Gənclər Mərkəzində Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə NATO guşəsi açılıb.
Bu gün Marneulidəki Gənclər Mərkəzində Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə NATO guşəsi açılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, guşənin açılması ilə əlaqədar təşkil edilən tədbiri reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev açıb. Sonra Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Xoştariya çıxış edərək, NATO-nun dünyadakı rolundan və Cənubi Qafqazda həyata keçirilən layihələrdən söhbət açıb.
Nazir müavini bildirib ki, Gürcüstan Qızılgül inqilabından sonra NATO ilə əməkdaşlığa başlamağa qərar verib və 2008-ci ildən sonra isə Gürcüstan NATO-ya üzv olmaq üçün rəsmi ərizə ilə rəhbərliyə müraciət edib. Y.Xoştariya çıxışında 2008-ci ildə Buxarest sammitinin NATO-nun genişləndirilməsi tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Alyans Gürcüstanın Avroatlantik məkana can atmasını dəstəklədi və bu zirvə görüşündə qərara alındı ki, Gürcüstan alyansın üzv dövlətlərindən biri olacaq”.
Tədbirdə çıxış edən Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov çıxışında Rusiyanın azadlığa can atan ölkələrdə kütləvi qırğınlar törətdiyini, o cümlədən Vilnüsdə, Tiflisdə və Bakıda törətdiyi qanlı qırğınlar nəticəsində müstəqilliyin yolunu bağlamağa çalışdığını bildirib: “Gürcüstan qızılgül inqilabından sonra NATO-ya üzv olmağa qəti qərar verdi. Bu yolla Baltikayanı ölkələr də addımladı və onlar istəklərinə nail oldular. Biz də bu yolu tutmuşuq. NATO-ya üzv olarıqsa, bizə hücum edənlərin hərəkəti NATO-ya hücum kimi qiymətləndiriləcək. Biz alyansa üzv olarıqsa, təhlükəsizliyimiz təmin olunacaq”.
Nazir müavini Y.Xoştariya APA-ya açıqlamasında etnik azlıqlarla, o cümlədən azərbaycanlılarla görüşə həmişə hazır olduqlarını və NATO haqqında təbliğatın gücləndirilməsi ilə bağlı yerlərdə “NATO guşəsi”nin açıldığını bildirib: “Gürcüstan üzrə belə guşələr 200 yerdə açılıb. Bu təşkilat üçün təhlükəsizliyin ən mühüm elementi demokratik islahatların dəstəklənməsidir. Biz düşünürük ki, Gürcüstanın çiçəkləndiyi bir vaxtda milli azlıqların yaşadığı regionlarda hər bir vətəndaş ölkəsinin strateji siyasəti ilə bağlı məlumatlarla tanış olmalıdır. Hər bir ölkə NATO-ya üzv olmağını özü həll etməlidir. Gürcüstan da ona can atır. NATO-ya üzv olan dünyanın 28 güclü dövləti Gürcüstana səs verib. Çikaqoda verilən qərar da bizə ümid verir ki, biz NATO-ya birmənalı şəkildə üzv olacağıq. Sözsüz ki, bu istiqamətdə Gürcüstanda yaşayan azərbaycanlıların da bu məqsədi dəstəkləməsi vacibdir”.
DOSTLARINLA PAYLAŞ: