Mardində kütləvi qətl törədən şəxslər yaxalanıb
05 May 2009 Çərşənbə Axşamı 11:25
Türkiyənin cənub-şərqindəki Mardin rayonunun Bilgə kəndində toy şənliyinə hücum edərək 44 nəfəri öldürən şəxslər yaxalanıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Mardində mətbuat konfransı keçirən daxili işlər naziri Bəşir Atalay hadisəni törədən 8 silahlı adamın yaxalandığını, bu şəxslərin əksəriyyətinin ölənlərin qohumları olduğunu açıqlayıb. Nazir olayın iki ailə arasındakı düşmənçilikdən qaynaqlandığını söyləyib. O bildirib ki, ölənlərdən 16-sı qadın, 6-sı uşaqdır.
Qeyd edək ki, faciə mayın 4-də yerli vaxtla saat 21.00 radələrində, Bilgə kəndinin keçmiş muxtarı (kənd sovetinin sədri) Cəmil Çələbinin qızı Sevil Çələbi və Diyarbəkirdə yaşayan qohumları Həbib Arının toy mərasimi zamanı baş verib. Molla kəbini kəsərkən 4-5 maskalı və silahlı şəxs mərasimin keçirildiyi evə basqın edib. Onlar əvvəlcə kişilərin yığışdığı otağı, sonra isə qadın və uşaqların olduğu otağı 15 dəqiqə ərzində atəşə tutaraq qaçıblar. Nəticədə gəlin S. Çələbi, bəy H. Arı, bəyin anası, 4 yaşlı bacısı və molla da daxil olmaqla, 44 nəfər ölüb. Mardin bələdiyyəsini sədri Bəşar Ayanoğlu bildirib ki, hadisə zamanı kənd mühafizəçiləri (PKK ilə mübarizə məqsədilə dövlətin silahlandırdığı kəndlilər) jandarma zastavasında növbədə olublar.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar