MAQATE-nin növbəti iclası
03 Mart 2009 Çərşənbə Axşamı 10:35
İclasda bildirilib ki, İranın ehtimal olunan nüvə silahı hazırlaması cəhdlərinin öyrənilməsində çıxılmaz vəziyyət yaranıb

Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin- MAQATE-nin növbəti iclası keçirilib. İclasda çıxış edən qurumun sədri Məhəmməd Əl-Baradeyi İranın nüvə fəaliyyətini gizlətməsinin mümkünlüyünü istisna etmədiyini deyib. Onun sözlərinə görə, İranın ehtimal olunan nüvə silahı hazırlaması cəhdlərinin öyrənilməsində çıxılmaz vəziyyət yaranıb.
Nüvə axtarışlarının daha bir mərkəzi olan Suriya ilə bağlı isə MAQATE sədri bildirib ki, rəsmi Dəməşq ölkədə gizli olaraq pluton düzəldən reaktorun tikilib-tikilməməsi ilə bağlı agentliyin araşdırma aparmasının əleyhinə çıxıb.
Təhqiqatların heç biri yeni olmasa da, bu iki ölkədə MAQATE-yə axtarışlar aparmağa necə maneə yaradıldığını göstərir. 35 ölkə nümayəndəsinin qatıldığı agentliyin iclasının açılışı zamanı çıxış edən Məhəmməd Əl-Baradeyi hər iki ölkəni əməkdaşlığı artırmağa çağırıb: «İran təhlükəsizlik şurası şəffaflıq tədbirlərinə və əlavə protokola əməl etməyincə, MAQATE İranda nüvə məhsullarının və fəaliyyətinin olmaması haqda zəmanət verməyəcək. Mən yenidən İranı mümkün qədər yaxın vaxtlarda öz nüvə proqramının sülhməqsədli olmasına etibar yaratmaqdan ötrü bütün tələb olunan şərtlərə əməl etməsinə çağırıram».
Suriya ilə də bağlı münasibətini bildirən Baradeyi, rəsmi Dəməşqin agentlik mütəxəssislərinin aparılan nüvə fəaliyyəti ilə bağlı suallarına etinasız yanaşdığını və yalnız agentliyə artıq məlum olan məlumatların verdiyini bildirib: «15 fevral 2009-cu il tarixli məktubda Suriya təkrarən bildirib ki, qurğu dağıdılıb və Əlzur məntəqəsindəki qurğu hərbi tikilidir və heç bir nüvə fəaliyyəti ilə əlaqəli deyil». Məhəmməd Əl-Baradeyi əlavə edib ki, məktub agentliyin qaldırdığı bütün məsələləri özündə əks etdirmir və Suriyanını cavabları yalnız natamamlıq təşkil edir.
Qeyd edək ki, İran uranın zənginləşdirməsini dayandırmaqdan imtina etdiyinə görə BMT-nin Təhlükəsiz Şurasının sanksiyasına məruz qalıb. Ehtimal olunur ki, həmin urandan həm atom enerjisinin, həm də nüvə başlıqlarının istehsalı üçün istifadə oluna bilər. Amerika Birləşmiş Ştatları, İsrail və digər MAQATE-yə üzv ölkələrin kəşfiyyat orqanlarının verdiyi məlumata görə, İran ən azı nüvə silahı hazırlama planına görə şübhəli bilinir. Rəsmi Tehran isə öz növbəsində nüvə silahı hazırlamaq niyyətində olmadığını və nüvə proqramının yalnız elektrik enerjisi almaq məqsədilə inkişaf etdirildiyini bildirir. Suriya isə MAQATE-nin hədəfinə 2007-ci ildə İsrailin bildirdiyinə görə- yarımçıq tikilmiş nüvə reaktorunun bombalamasından sonra çevrilib. Həmin tikilidən götürülmüş nümunələr süni uranın izlərini aşkar edib və Beynəlxalq Atom Enerjisi Agentliyi bundan əlavə Suriyanı nüvə məqsədi ilə istifadə oluna bilən məhsulların alnmasında şübhəli sayır. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar