Manas sonu yaxınlaşır?
01 Noyabr 2011 Çərşənbə Axşamı 22:48
Rasim Musabəyov: “Birləşmiş Ştatlar bazanı saxlamağa çalışacaq”.
Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambayevin ilk bəyanatı yəqin ki, Vaşinqtonun xoşuna gəlməyəcək. Belə ki, Qırğızıstanın yeni dövlət başçısı Birləşmiş Ştatların ölkə ərazisində icarəyə götürdüyü “Manas” hərbi bazasının bağlanacağını istisna etməyib.
Siyasi şərhçilər hesab edir ki, ABŞ hərbi bazasını Qırğızıstandan çıxararsa, Mərkəzi Asiyada vəziyyət daha da gərginləşə bilər. Digər tərəfdən isə rəsmi Vaşinqton özü Əfqanıstanda vəziyyəti nəzarət altında saxlamaq üçün bu regionda hərbi bazasını saxlamaqda maraqlıdır. Əgər Qırğızıstanla razılıq əldə olunmasa, Vaşinqton Özbəkistanda belə hərbi baza yarada bilər.
Politoloq Rasim Musabəyovun fikrincə, icarə haqqı müqabilində müəyyən məbləğ aldığından Qırğızıstanın yeni rəhbərliyinin bazanı bağlaycağı o qədər də inadırıcı görünmür. Politoloq deyir ki, bu məsələ ilə bağlı Rusiya özü də narahat olmalıdır: “Rusiya analitikləri anlayır ki, ABŞ-ın Qırğızıstanı tərk etməsi bir çox problemləri üzə çıxara bilər”.
R. Musabəyovun fikrincə, ABŞ-ın bu hərbi bazadan getməsi Rusiya üçün problem olacaq: “Çünki ABŞ-ın oradan getməsi bir sıra islamçı qüvvələrin baş qaldırmasına səbəb olacaq. Bunun əziyyətini də sonda daha çox Rusiya çəkəcək”.
Xatırladaq ki, “Manas” hərbi bazası 2001-ci ildə BMT-nin mandatına əsasən, koalisiya qüvvələri Əfqanıstanda keçirilən antiterror əməliyyatlarına dəstək məqsədi ilə yaradılıb. 2009-cu ildə Qırğızıstanın o vaxtkı prezidenti Kurmanbek Bakiyevin ABŞ-la imzaladığı yeni razılaşmaya görə, Amerikaya məxsus “Manas” hərbi bazası tranzit daşımalar mərkəzinə çevrilib. Onun funksiya və statusu demək olar ki, əvvəlki kimi saxlanıb. Qırğızıstanın buradakı xeyri isə aviabazanın icarəsinə görə verilən puldur.
DOSTLARINLA PAYLAŞ: