Maliyye naziri istefa verdi
02 İyul 2013 Çərşənbə Axşamı 06:16
Portuqaliyalı Viktor Qaspar bunu hökümətin qoyduğu məqsədlərə çata bilməməsi ilə izah edib.
Portuqaliyanın maliyyə naziri Viktor Qaspar tutduğu vəzifədən istefa verib. O bu addımını büdcə kəsiri ilə bağlı hökumətin qoyduğu məqsədlərə çata bilməməsi və nəticədə nüfuzunu itirərək, hakim koalisiyada ixtilafa yol açması ilə izah edib. Qasparın istefası xəbərini Portuqaliyanın prezident administrasiyası yayıb. Məlumata əsasən, onun boş qalmış vəzifəsini bundan sonra Xəzinə üzrə Dövlət Katibi Mariya Luis Albukurk tutacaq.

Qaspar iki il əvvəl yaşanan maliyyə çətinlikləri fonunda 78 milyard avroluq maliyyə yardımı qəbul etməyə məcbur qalmış Portuqaliya hökumətinin aparıcı simalarından olub. İxtisasca iqtisadçı olan Qaspar bundan əvvəl Avropa Mərkəzi Bankında çalışıb, 2011-ci ilin iyun seçkilərindən sonra hakimiyyətə qoşulana qədər heç bir siyasi karyerası olmayıb. Portuqaliyada maliyyə böhranı ardıcıl olaraq 3-cü il davam etdiyi və işsizlik səviyyəsi 17.6 faizə çatdığı bir vaxtda Qasparın müəyyənləşdirdiyi sərt islahat kursu müxalifətin və həmçinin həmkarlar ittifaqının və sahibkarların tənqidi ilə üzləşib.

Portuqaliya beynəlxalq kreditorları qarşısındakı öhdəlikləri sayılan sərt islahatları həyata keçirməsə, kreditorlar maliyyə tranşlarını dayandıra bilərlər. Bu isə hökuməti maaşların və təqaüdlərin verilməsində çətinə sala bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar