Mahmud Əhmədinejatla Əli Laricani arasında ciddi qalmaqal
04 Fevral 2013 Bazar Ertəsi 01:35
Prezident parlamentdə spikerin qardaşının gizli səs yazısını dinlətdirib, Əli Laricanini onun əleyhinə fəaliyyətdə ittiham edib.
Fevralın 3-də İran parlamentinin iclasında iştirak edən prezident Mahmud Əhmədinejadla parlamentin sədri Əli Laricani arasında siyasi qalmaqal yaşanıb. APA-nın məlumatına görə, M.Əhmədinejad və Ə. Laricani bir-birinə qarşı sərt ittihamlar irəli sürüblər. Prezident çıxışında bildirib ki, parlament sədri dövləti idarə etməyə çalışır: “ O parlamenti də öz istədiyi kimi idarə edir. Halbuki bu doğru deyil və Konstitutsiyamıza ziddir. Əgər parlament sədri dövləti idarə edəsi olsaydı, səsvermə yolu ilə seçilər və prezidentin yerində oturardı. Düşünürəm ki, ölkədə bəzi pərdəarxası məsələlər cərəyan edir ki, bunlardan nə deputatların, nə də mənim xəbərim var. Mən burada bir səs yazısını sizə dinlətdirmək istəyirəm. Bu səs yazısı Əli Laricaninin qardaşı Fazil Laricani və Tehranın sabiq prokuroru Səid Murtəzəvi arasında saatlarla gedən söhbətin yalnız 20 dəqiqəsidir”.
M.Əhmədinejadın səs yazısını dinlətdirmək istəyi bəzi deputatlar tərəfindən ciddi etirazla qarşılanıb. Hətta dəfələrlə prezidentin sözünü kəsərək, çıxışına mane olmağa çalışıblar. Etirazlara baxmayaraq, M.Əhmədinejad deputatları və Ə.Laricanini səbrli olmağa dəvət edərək, səs yazısını dinlətdirib. Audioyazıda Fazil Laricani və Səid Murtəzəvi dövlətə bağlı olan şirkətlərin müqavilə əsasında satılmasından danışıblar. Həmçinin F. Laricani deyib ki, mən bir qrupla işləyirəm: “Amma gərək bu fəaliyyətimlə bağlı rəsmi sərəncam verilməsin. Kənardan elə görünsün ki, sadəcə əməkdaşlıq edirəm”.
Səs yazısı dinlənildikdən sonra M.Əhmədinejad deyib ki, bütün bu məsələlərin arxasında Ə. Laricani dayanıb.
Parlament sədri isə prezidentin ittihamlarını cavabsız buraxmayıb: “Məni ittiham etdiniz. Sizin də mənim sözümü kəsməyə haqqınız yoxdur. Siz 3 ildir iddia edirsiniz ki, siyasi məsələlərlə dövlət idarəçiliyinə basqı göstərilir və bunda bizi ittiham edirsiniz. Halbuki əsas səbəbkar özünüzsünüz. Kimin yaxın qohumu olmasından asılı olmayaraq, hər kəsin günahı varsa, məhkəməyə verilərək, cəzalandırılacaq”.
Qalmaqallı səs yazısından sonra Fazil Laricani ittihamları təkzib edərək, yazıdakı səsin ona aid olmadığını iddia edib.
DOSTLARINLA PAYLAŞ: