İran prezidenti Mahmud Əhmədinejat, ölkənin birinci vitse-prezidentini işdən çıxarıb. İsfəndiyar Rəhim Maşayinin bu vəzifəyə təyinatı dövlət başçısının ünvanına çoxsaylı tənqidlərə səbəb olmuşdu və İranın dini lideri Əli Xameneyi onu istefaya göndərməyə çağırmışdı.
Prezident Mahmud Əhmədinejatın köməkçisi Mojtaba Samareh Haşimi bildirib ki, İsfəndiyar Rəhim Maşayi artıq vitse-prezident deyil. Prezident köməkçisinin sözlərini İRNA agentliyi yayıb.
Xatırladaq ki, iyulun 17-də İsfəndiyar Rəhim Maşayinin vitse-prezident vəzifəçsinə təyin edilməsi ölkənin siyasi dairələri tərəfindən heç də xoş qarşılanmamışdı. O, ötən il “İran İsrail xalqının dostudur” bəyanatı ilə Əhmədinejat siyasi kursunun tərəfdarları arasında etirazlara səbəb olmuşdu. Qeyd edək ki, İsfəndiyar Rəhim Maşayi Mahmud Əhməninejatın qudasıdır. /ANS PRESS/