Mahmud Əhmədinejat bu gün Tacikistana səfər edəcək
04 Yanvar 2010 Bazar Ertəsi 01:35
Mahmud Əhmədinejat Tacikistana səfər edəcək. Səfər çərçivəsində iqtisadi sahədə bir sıra sazişlərin imzalanacağı gözlənilir.
İran prezidenti Mahmud Əhmədinejat bu gün Tacikistana rəsmi səfərə gedəcək. İkigünlük səfər çərçivəsində bir sıra iqtisadi sazişlərin imzalanması gözlənilir.
Tacikistan XİN İnformasiya Departamentinin rəhbəri Davlat Nazriyev bildirib ki, Mahmud Əhmədinejat Düşənbəyə çatandan dərhal sonra tacikistanlı həmkarı İmaməli Rəhmonla təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşəcək. Danışıqları yekunu kimi iqtisadi sahədə bir sıra dövlətlərarası sazişlərin imzalanması planlaşdırılır.
Səfər çərçivəsində Mahmud Əhmədinejat İran tərəfindən maliyyələşdirilən bir sıra obyektlərin, o cümlədən, “Sanqtuda-2” SES-intikintisinə baş çəkəcək. Stansiyanın gücü 220 meqavatt, ümumi dəyəri 220 milyon dollardır. Bu vəsaitin 180 milyon dollarını İran tərəfi ayırıb.
Bundan başqa, hazırda Tacikistanda İranın iştirakı ilə paytaxtı ölkənin şimalı ilə birləşdirən “İstiqlol” tuneli inşa edilir. Tacikistan ərazisində İranla birgə 15 aqrar sənaye, maşınqayırma və s. müəssisələr fəaliyyət göstərir.
Tacikistan XİN-in məlumatına görə, ölkələr arasında əməkdaşlığın hüquqi baza əsasını 60 sənəd təşkil edir. Bu sənədlərin əksəriyyəti dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri çərçivəsində imzalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: