Mahmud Abbas İraqa səfər edib
06 Aprel 2009 Bazar Ertəsi 11:55
Bu, Fələstin liderinin Səddam Hüseyn rejimi devrildikdən sonra İraqa ilk səfəridir

 

Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas İraqın paytaxtı Bağdada gəlib.  Mahmud Abbasın səfərində əsas məqsəd fələstinlilər və İraq hökuməti arasında münasibətləri yenidən bərpa etmək və çadırlarda yaşayan Fələstin qaçqınlarının problemini həll etməkdir. Səfər Fələstin rəhbərliyi ilə rəsmi Bağdad arasında münasibətlərin yaxşılaşdırılmasına doğru atılmış mühüm addım kimi qiymətləndirilir.
Mahmud Abbas ölkə prezidenti Cəlal Təlabani və Baş nazir Nuri Əl Maliki ilə görüşüb. Görüşlər zamanı İraq hökumət nümayəndəsi bildirib ki, İraq hökuməti fələstinlilərə və Fələstin dövlətinin yaradılmasına öz dəstəyini göstərəcək. Görüşdən sonra ölkə başçılarının mətbuat konfransı zamanı Mahmud Abbas İraqın böyük tərəqqi etməsini hiss etdiyini bildirib.
«Biz bu gün burada olmağımızdan şadıq. İraq bütün sahələrdə-təhlükəsizlik, milli birlik və demokratiya sahəsində inkişaf edir. Bu ölkə tərəqqi etməyə və yenidən qurulmağa başlayıb. Allaha şükürlər olsun ki, çətin vaxtlar arxada qalıb»,- deyə M.Abbas qeyd edib.

İsrail dövləti qurulduqdan sonra İraqa mühacirət etmiş fələstinlilər Səddam Hüseyn dövründə imtiyazlı statuslara malik olub. Lakin Amerika Birləşmiş Ştatları 2003-cü ildə bu ölkəni işğal etdikdən sonra qaçqınlara qarşı münasibət kəskin olaraq dəyişib. Hazırda İraqda on bir min fələstinli yaşayır və onların əksəriyyəti Bağdadda məskunlaşıb. Bununla belə, İraqda yüzlərlə fələtinli daxili toqquşmaların qurbanı olub. Minlərlə fələstinli hələ də İraq-Suriya sərhədində qaçqın düşərgələrində yaşayır.
Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas Rusiyaya da səfər edəcək. Verilən məlumata görə, o, paytaxt Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə görüşəcək və onunla bölgədəki vəziyyətə dair müzakirələr aparacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar