Madridin mərkəzinə 30 min adam toplaşıb
22 May 2011 Bazar 14:11
İspanlar iqtisadi böhran və siyasətçilərin rüşvətxorluğuna qarşı etiraz etdiklərini bəyan edirlər.
İspaniyanı etiraz dalğası bürüyüb. Ölkənin paytaxtı Madriddə minlərlə adam mərkəzi meydanda etiraz aksiyası keçirməyə davam edir. "Puerto del Sol" meydanına toplaşan və günlərdir burada gecələyən ispanlar iqtisadi böhran və siyasətçilərin rüşvətxorluğuna qarşı etiraz etdiklərini bəyan edirlər. Hökumətin işsizliklə mübarizədə gördüyü tədbirləri də yetərsiz sayılır.
Hazırda Madridin mərkəzi meydanında 30 minə yaxın adamın toplaşdığı bildirilir. Onlar meydanı əsl çadır şəhərciyinə çeviriblər. Burada yüzlərlə düşərgə qurulub. Bəzi aksiya iştirakçıları söz azadlığından məhrum olduqlarını ifadə etmək üçün ağızlarını yapışqan lentlə bağlayıblar.
Etiraz aksiyaları fonunda isə bu gün İspaniyada yerli və bələdiyyə seçkiləri keçirilir. Hökumət bu gün nümayiş keçirməyi qadağan etsə də, aksiya iştirakçıları meydandan çıxmaq istəmirlər. Nümayişçilər "heç bir siyasi partiyanı dəstəkləmədiklərini" bildiriblər.
Qeyd edək ki, İspaniyada mayın 15-dən davam edən kütləvi aksiyalar Barselona, Valensiya kimi iri şəhərlər də daxil olmaqla, ölkənin 50-yə yaxın şəhərində keçirilir. anspress
DOSTLARINLA PAYLAŞ: