Macarıstanda IV hun-türk qurultayı keçirilib
13 Avqust 2012 Bazar Ertəsi 14:21
Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə Macarıstanın Buqats bölgəsindəki Kişkemets milli parkında IV hun-türk qurultayı keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, qurultayı giriş sözü ilə ölkə parlamentinin vitse-spikeri Şandor Layoş və Macar Turan Cəmiyyətinin sədri Andraş Biro açıblar. Tədbirə dünyanın müxtəlif guşələrində yaşayan 22 türk xalqının təmsilçisi, habelə bir sıra ölkələrdən gəlmiş nümayəndələr qatılıblar.

Macarların türk dünyası ilə genetik-mədəni əlaqələrini əks etdirən böyük tarixi və mədəni şou kimi düşünülmüş qurultayı üç gün ərzində 150 mindən çox adam izləyib. Qurultay 1100 il əvvəl Volqa boyundan Karpat ovalığına köç edən türk əsilli macar tayfalarının keçdiyi yolu, bu xalqın öz qədim tarixinə və ənənələrinə sadiqliyini əks etdirib.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev IV hun-türk qurultayının açılış təntənələrində iştirak edib. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin direktoru, türk dünyasının qədim tarixi ilə bağlı bir sıra araşdırmaların müəllifi Kamran İmanov isə qurultay çərçivəsində keçirilən elmi forumda qədim dövr Azərbaycan-macar əlaqələrinə dair məruzə edib.
Qurultay günlərində türk dünyasının sənət adamları açıq havada 30-dan çox konsert veriblər. Azərbaycan Respublikasının xalq artisti, professor Məcnun Kərimin bədii rəhbəri olduğu Azərbaycan qədim xalq çalğı alətləri ansamblı xüsusi ilə böyük uğur qazanıb.
V hun-türk qurultayının 2014-cü ildə Macarıstanda keçirilməsi qərara alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar