Lütfi Zadə 93 yaşını tamam edir
04 Fevral 2014 Çərşənbə Axşamı 10:15
Azərbaycanlı alim Lütfi Zadə süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir.
Bu gün Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Əsgərzadə) 93 yaşı tamam olur. Bu azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru və Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.
Bu gün dünya elminə həmyerlimiz Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb.
Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qeyd edək ki, bu dahi şəxsiyyətin səmərəli fəaliyyəti Azərbaycan dövləti və ölkə başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Həmyerlimiz elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərə görə "Dostluq" ordeni ilə təltif edilib.
DOSTLARINLA PAYLAŞ: