Kolxoz və sovxozların işçilərinə iş yerini dəyişmək və şəhərlərə köçmək qadağan edilir.
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, kənd təsərrüfatında vəziyyəti yaxşılaşdırmaq üçün qubernatorlara “təhkimçi hüququ”nu geri qaytarmağa hazırdır.
ANS PRESS-in məlumatına görə, Belarus prezidentinin əmri ilə hökumətin hazırladığı dekretdə kolxoz və sovxozların işçilərinə fəaliyyət sahəsini dəyişmək və şəhərlərə köçmək qadağan edilir. “Dünən biz, açıq danışıram, “təhkimçilik hüququ” barədə dekreti masaya qoyduq”, - deyə o bildirib.
Lukaşenko əlavə edib ki, qubernatorlar “kəndlini çox effektiv işləməyə öyrətməlidirlər”. Onun sözlərinə görə, insanları səfərbər etmək üçün bütün güc strukturları birbaşa qubernatorların sərəncamına keçir.
Qeyd edək ki, Rusiyada təhkimçilik hüququ 1861-ci ildə imperator II Aleksandrın əmri ilə ləğv edilmişdi. Həmin əmrdən sonra rus kəndlilərinin ixtiyarı özlərinə verildi. Kəndlilərin şəhərə köçüb fəhlə işləməsinə də icazə verilib. Ondan əvvəl isə feodallar öz aralarında kəndlilər qarışıq əraziləri alıb sata bilərdilər. Kəndlilərin hətta evlənməsinə və ev tikməsinə də feodal icazə verirdi.