Lukaşenko bu gün dördüncü dəfə prezident kimi and içəcək
21 Yanvar 2011 Cümə 01:35
Avropa Birliyi ölkələrinin Belarusdakı səfirləri etiraz əlaməti olaraq inauqurasiya mərasimində iştirak etməyəcəklər.
Bu gün Minskdəki Respublika Sarayında yenidən Belarusun prezidenti seçilən Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçiriləcək. Bu, onun sayca dördüncü prezidentlik müddəti olacaq. Aleksandr Luakaşenko 1994, 2001, 2006 və 2010-cu illərdə dövlət başçısı seçilib və Belarusun müstəqillik tarixində yeganə prezidentdir.
Ötən il dekabrın 19-da keçirilmiş prezident seçkilərində Aleksandr Lukaşenko səsvermədə iştirak etmiş seçicilərin 79,65 faizinin səsini qazanıb. MSK-nın məlumatına seçici fəallığı 9065 faizə bərabər olub.
İnauqurasiya mərasimi Belarusun bütün telekanalları ilə canlı yayımlanacaq. Mərasimi MSK sədri Lidiya Yermoşina açacaq. O, yüksək rütbəli məmurlar, parlamentarilər, Konstitusiya, Ali və Ali təsərrüfat məhkəmələrinin hakimləri, ictimai-siyasi xadimlər qarşısında Aleksandr Lukaşenkonu seçkilərdəki qələbə münasibətilə təbrik edəcək.
Mərasimə qonşu ölkələrin dövlət başçıları dəvət edilməyiblər. Bu, protokolda nəzərdə tutulmayıb. Üstəlik, Avropa Birliyi ölkələrinin səfirləri inauqurasiyada iştirak etməyəcəklər. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyanoviç bildirib ki, AB ölkələrinin Belarusdakı səfirləri Aleksandr Lukaşenkonun inauqurasiya mərasiminə etiraz əlaməti olaraq qatılmayacaqlar. AB hesab edir ki, Belarusda seçkilər saxtalaşdırılıb, müxalifətv ə vətəndaş cəmiyyətinə qarşı repressiyalar həyata keçirilir.
Litva Seyminin xarici işlər komitəsinin rəhbəri Emanuelis Zingeris isə bildirib ki, Belarusdakı Avropa diplomatik missiyalarının başçıları bu gün Vinüsə səfər edəcəklər. Litvanın paytaxtında Belarusdakı seçkilər müzakirə edilməlidir. Litvaya 12 səfir və Avropa Komissiyasının nümayəndələri gedəcəklər.
Bununla belə, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Andrey Savinıx bildirib ki, inauqurasiyüa mərasimində 32 ölkənin diplomatları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: