Liviyada yeni ordu quruculuğu başlayıb
03 Dekabr 2011 Şənbə 23:20
Yeni orduda əsasən, nizam-intizama fikir veriləcək.
Liviyada yeni ordu quruculuğu həyata keçirilir. Yeni ordunu təşkil edəcək əsas qüvvələrin təlim-məşq hazırlıqları artıq başlayıb.
Paytaxt Tripoli yaxınlığında yerləşən hərbi bölmələrdən birinin zabiti bildirib ki, yeni ordu quruculuğunda, əsasən, nizam-intizama fikir veriləcək. Lakin Tripoli yaxınlığındakı bu hərbi bölmədə və bəzi digər bölmələrdə sabiq Liviya lideri Müəmmər Qəddafiyə sadiq hərbiçilər hələ də öz fəaliyyətlərini davam etdirirlər. Buna baxmayaraq, yeni milli ordu həmin hərbiçilərlə birgə çalışmaq üçün onların etibarlı insanlar olmasından əmin olmaq istəyir.
Qeyd edək ki, Liviya ordusunun sözçüsü Əhməd Ömər Bəni ötən həftə bildirmişdi ki, yeni ordu quruculuğu üçün struktur planı artıq hazırdır. Lakin yeni ordu rəhbəri təyin olunanadək hələlik işlər dayandırılıb. Bəni eyni zamanda, yeni rəhbər təyin olunduqdan sonra orduda ruh yüksəkliyi artaracağını qeyd edib.
Yeni ordunun qurulması ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Onların fikrincə, bölücü qüvvələrin yeni iğtişaşlar törətməsinin qarşısını almaq üçün nizamlı ordunun olması vacib məsələdir.
DOSTLARINLA PAYLAŞ: