Liviyada Sirt şəhəri boşaldılır
02 Oktyabr 2011 Bazar 16:45
Üsyançılar sakinlərin şəhərdən çıxması üçün 2 günlük atəşkəs elan edib.
Liviyada üsyançılar Sirt şəhərində mövqelərini qoruyan Qəddafi tərəfdarları ilə 2 günlük atəşkəs elan ediblər. Milli Keçid Şurası Sirtin dinc sakinlərinin şəhəri tərk etməsinə imkan yaratmaq üçün bu addımı atdığını bəyan edib.

Qeyd edək ki, Sirt sakinləri həftələrdir ki, mühasirəyə alınmış şəhəri tərk etməyə çalışsalar da, Milli Keçid Şurası ilə NATO qüvvələrinin şəhərə hücumu buna imkan vermirdi.

Hazırda Sirt sakinləri əşyalarını avtomobillərə yükləyərək, kütləvi şəkildə şəhəri tərk edirlər. Şəhərdən baş götürüb qaçanlar orada ərzaq və içməli su qıtlığının yaşandığını, elektrik enerjisinin olmadığını bildirirlər.

Bu arada, devrilmiş Liviya lideri Müəmmər Qəddafinin mətbuat katibi Musa İbrahim Suriya telekanalında yayımlanmış audio-müraciətində «döyüş meydanını tərk etmədiklərini, şəhid olanadək yaxud qələbə çalanadək mübarizə aparacaqlarını» bildirib. Musa İbrahim həmçinin NATO qüvvələri tərəfindən Sirt yaxınlığında həbs edildiyinə dair məlumatların doğruluğunu təkzib edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar