Liviyada qanlı döyüşlər davam edir
05 Mart 2011 Şənbə 15:51
Liviyada qanlı döyüşlər davam edir. Qəddafi əleyhdarlarının Ras-Lanuf liman şəhərini ələ keçirdikləri bildirilir.
Liviyada hazırki rejimin tərəfdarları ilə əleyhdarları arasında qanlı döyüşlər davam edir. ANS PRESS-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, üsyançılar Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığında yerləşən Əz-Zaviya yaşayış məntəqəsini hücumla almaq istəyən hökumət qüvvələrinin hücumunu dəf edə biliblər.
“Əl-Ərəbiyə” telekanalının məlumatına görə, Qəddafinin yüzədək tərəfdarı zirehli texnikanın köməkliyi ilə səhər saat 06:00 radələrində şəhərə hücum ediblər. Üsyançıların nümayəndəsi Yussef Şaqanın sözlərinə görə, gərgin döyüşlərdən sonra hücum dəf edilib. Döyüş nəticəsində 13-dən 50-dək əsgərin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
Yayılan digər məlumatda isə, Qəddafi əleyhdarlarının paytaxt Tripoli şəhərinin 160 km yaxınlığında yerləşən Ras-Lanuf liman şəhərini də ələ keçirdikləri bildirilir.
Xatırladaq ki, Liviyada ölkəyə 40 ildən çox rəhbərlik etmiş Müəmmar Qəddafinin istefası tələbi ilə fevralın 15-dən kütləvi etiraz aksiyaları keçirilir. Beynəlxalq təşkilatların məlumatına görə, Liviyadakı toqquşmalarda 6 minə yaxın insan həlak olub. Bundan əlavə təqribən 200 min adam ölkəni tərk edib, daha 200 min isə sərhəddə toplaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: