Liviya paytaxtında atışma
06 Mart 2011 Bazar 12:31
Liviya paytaxtında atışma. Hökumət iddia edir ki, iki şəhəri üsyançıların əlindən geri alıb.
Liviyanın paytaxtı Tripoli küçələrində, həmçinin Liviya lideri Müəmmar Qəddafinin iqamətgahı ilə yanaşı rayonlarda bu gün səhərdən intensiv atəş səsləri eşidilir. "Radio Svoboda"nın məlumatına görə, hakimiyyət nümayəndələri bildirir ki, atəş Qəddafi tərəfdarı olan əsgərlər tərəfindən Ras-Lanuf şəhərində üsyançılar üzərində qələbə münasibətilə açılır.

Müxalifət isə iddia edir ki, strateji cəhətdən vacib olan Ras-Lanuf şəhəri əvvəli kimi onların əlindədir. Ras-Lanuf şəhəri paytaxt Tripolidən 600 kilometr aralıda yerləşir. Müxalifət qüvvələri qətiyyət nümayiş etdirərək irəli getmək niyyətindədir.

Liviyanın dövlət televiziyası xəbər verir ki, Əz-Zəviyyə və Misrata şəhərləri hökumət qüvvələri tərəfindən tutulub. Həmçinin ölkənin şərqindəki Benqazi şəhərinə hücum başlayıb.

Qeyd edək ki, üsyançılar Əz-Zəviyyə şəhərini fevralın sonu öz nəzarətlərinə götürmüşdülər və bura ölkə paytaxtına hücumun təşkili üçün əməliyyat meydanı kimi baxırdılar. Bu günlərdə isə şəhərdə üsyançılarla Qəddafini dəstəkləyən ordu arasında qanlı döyüşlər olub. Səhər saatlarından başlayaraq hökumət qüvvələri tank və ballistik raketlərdən istifadə etməklə şiddətli hücuma keçib. İlkin məlumata görə, dünən baş verən toqquşmalarda ən azı 30 nəfər ölüb. Misrata liman şəhərində baş verən döyüşlərdə isə 10 nəfər həlak olub.

Liviya xarici işlər nazirinin müavini Xalid əl-Koaem Əz-Zəviyyədəkı vəziyyətin sakit olduğunu deyib.

"Şəhərdəki mövcud duruma gəlincə, burada vəziyyət sakit və dincdir. Mən indiyə olan vəziyyəti nəzərdə tuturam. Biz ümid edirik ki, sabah səhərə kimi Zəviyyədə həyat öz normal axarına düşəcək. Ras Lanouf və Breqaya gəlincə, ordu hələ də adı çəkilən ərazilərdə şiddətli döyüşlərə girməmək əmrinə tabe olur", deyə XİN rəsmisi bildirib.

Müxalifət isə öz növbəsində Sirt limanından 80 km aralıda Navfaliya şəhərciyində hökumət qüvvələri üzərində qələbə çaldığını elan edib.

Qeyd edək ki, Liviya insan haqqları liqasının hesablamalarına görə, fevral ayının 15-dən bəri vətəndaş müharibəsində ölənlərin sayı 6 mini ötüb. Bir sıra şərhçilər Liviyada höumət əleyhinə baş qaldırmış üsyanın vətəndaş müharibəsinə çevriləcəyi və aylarla davam edəcəyindən ehtiyatlanır.

Liviya lideri Müəmmar Qəddafi isə BMT və Afrika Birliyini anti-hökumət nümayişləriylə bağlı araşdırma aparmağa çağırıb. Liviya prezidenti bu bəyanatı Ffransa qəzetlərindən birinə müsahibəsində səsləndirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar