Liviya ordusu atəşkəs elan edib
21 Mart 2011 Bazar Ertəsi 13:36
Koalisiya qüvvələrinin aviazərbələri nəticəsində Qəddafinin iqamətgahlarından biri tamamilə dağılıb.
Liviya Silahlı Qüvvələrinin rəhbəri bununla əlaqədar bütün silahlı bölmələrə atəşkəsə əməl etmək barədə göstəriş verib. APA-nın məlumatına görə, qərara martın 20-si Bakı vaxtı ilə saat 23.00-dan əməl olunmalıdır. Liviyanı bombardman edən koalisiya qüvvələrinin bu qərara münasibəti hələlik məlum deyil. Bununla belə, ABŞ və müttəfiqləri Qəddafinin bu qərara sadiq olacağına şübhə ilə yanaşır.

Koalisiya qüvvələri isə paytaxt Tripoliyə zərbələri davam etdirir. Qəddafi qoşunları koalisiya qüvvələrinin təyyarələrini vurmaq üçün hava hücumundan müdafiə vasitələrindən istifadə edir.

Xəbər verilir ki, koalisiya təyyarələrinin atdığı bir neçə mərmi Liviya liderinin iqamətgahlarının yerləşdiyi ərazisinə düşüb. Aviazərbələr nəticəsində Qəddafinin iqamətgahlarından biri tamamilə dağılıb. İqamətgah Liviya liderinin qonaqlarını qəbul etdiyi məşhur çadırının 50 metrliyində yerləşir. Liviya hökumətinin nümayəndəsi Musa İbrahim bina istiqamətində reaktiv mərminin atıldığını bildirib. KİV nümayəndələri avtobusla binanın yerləşdiyi əraziyə aparılıb.

Baş verənlərdə koalisiya qüvvələrini günahlandıran M. İbrahim içərisində dinc insanların olduğu iqamətgahın varvar bombardmanına məruz qalmasından dəhşətə gəldiyini bildirib. Bombardmanın qurbanları barədə məlumat verilmir. M. İbrahim yalnız onu deyib ki, binada və yaxınlıqda olan yüzlərlə dinc sakinin taleyindən söhbət gedir.

Bununla belə, ABŞ hökumətinin nümayəndələri NBC News telekanalına Qəddafinin iqamətgahına aviazərbələrdə iştirak etmədiklərini bildiriblər.

Qeyd edək ki, ABŞ müdafiə naziri Robet Qeyts jurnalistlərə deyib ki, ölkəsi Qəddafi rejiminə qarşı aparılan hərbi əməliyyatlarda aparıcı rola malik olmayacaq. Bununla belə, o, əməliyyatın başlanğıcının uğurlu keçdiyini bildirib.

Qəddafi onu da əlavə edib ki, Qəddafini aviazərbələrlə məhv etmək planı ağıllı seçim olmazdı. Bu bəyanat Böyük Britaniyanın müdafiə naziri Liama Foksun Qəddafinin ola biləcəyi yerlərə aviazərbələrin endirilməsi ilə bağlı təklifinə cabab olaraq səsləndirilib. R. Qeyts bildirib ki, koalisiya qüvvələri BMT Təhlükəsizlik Şurasının martın 17-də qəbul etdiyi qətnaməyə uyğun hərəkət etməlidir.

Qeyd edək ki, Liviyaya qarşı hərbi əməliyyatlara martın 19-da bir neçə ölkə - o cümlədən Fransa, ABŞ, İtaliya, Kanada və Böyük Britaniya tərəfindən başlanılıb. Bildirilir ki, Fransa Hərbi Hava Qüvvələri Kəddafi qüvvələrinin bir neçə zirehli texnikasını məhv edib, ABŞ və Britaniya isə Liviya Hava Hücumundan Müdafiə Qüvvələrinin 20-dək mövqeyinə “Tomoqavk” raketləri ilə zərbələr endirib. Koalisiyanın Hərbi Hava Qüvvələri Liviyanın Hava Hücumundan Müdafiə obyektlərinə ümumilikdə 110 qanadlı raket atıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar