Liviya: NATO gedir, müharibə isə davam edir
01 Noyabr 2011 Çərşənbə Axşamı 02:35
NATO-suz Liviyanı vətəndaş müharibəsi, yeni terror yuvaları gözləyir.
NATO Liviyadakı əməliyyatı başa çatdırdı. Alyansın baş katibi Anders Foq Rasmussenin sözlərinə görə, Şimali Atlantika bloku bu ölkədə uğur qazanıb. NATO-nun uğuru nə qədər şübhəsiz olsa da, vətəndaş müharibəsi ilə üz-üzə qalan Liviyanın yeni hakimiyyətinin sevinmək üçün o qədər də əsası yoxdur. Qəddafiyə divan tutan silahlılar eyni hərəkətləri keçmiş liderin yüzlərlə tərəfdarına da qarşı təkrarlamaqda davam edirlər. Bu iddia ilə “Human Rayts Votç” hüquq müdafiəsi təşkilatının fəalları çıxış ediblər. Onlar bu vəhşiliklərin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirdər. Benqazidə məhkəmə binasının üzərində “Əl Qaidə”nin simvollarından biri sayılan ağ-qara bayrağın dalğalanması da nikbinliyə əsas olmadığını göstərir.
NATO-nun əməliyyatı başa çatsa da, insan itkisi hələ hesablanmayıb. İlkin məlumatlara görə, hər iki tərəfdən 25 minə yaxın adam ölüb.
Hələ sərf edilən maliyyə də hesablanmalıdır. Mələsələn, təkcə Böyük Britaniya Liviyadakı əməliyyata təxminən 3 milyard dollar xərcləyib. Halbuki, ilkin smeta 400 milyon dolları keçmirdi. Çox güman ki, NATO-ya Qəddafi regiminin devrilməsi onlarla milyard dollara başa gəlib. Analitiklərin fikrincə, əməliyyatın başa çatması ilə bağlı qərarın qəbulunda pul məsələləri də rol oynayıb.
Onu da qeyd etmək lazımdır ki, bombardmanın dayandırılması təşəbbüsü NATO-ya daxil olmaya ölkəyə - Rusiyaya məxsusdur. Məhz bu ölkə BMT Təhlükəsizlik Şurasına Liviya üzərində uçuşsuz zonanın ləğvi ilə bağlı qətnamə təqdim etmişdi.
Liviyanın Milli Keçid Şurası NATO-dan heç olmasa ilin sonunadək bu ölkədə qalmağı xahiş etsə də, bu baş tutmayıb. Ölkədə hələ də Qəddafinin tərəfdarları var, atasının intiqamını alacağına and içən Seyf əl-İslam satdır. Yeni hakimiyyət yekldil struktur deyil və müxtəlif qruplaşmalar arasında toqquşmalar mümkündür. NATO-nun mövcudluğu müəyyən mənada tarazlığı saxlaya bilərdi.
Liviyanı qarşıda yeni həyat gözləyir. Amma bu dəfə polkovniksiz. Milli Keçid Şurası şəriət dövləti yaratmaq planını açıqlamaqla, Brüssel və Vaşinqtondakı siyasətçilərin göstərişlərini yerinə yetirmək niyyətində olmadığını göstərib. Belə çıxır ki, NATO-nun köməkliyi ilə hakimiyyətə islamçılar gəliblər.
Əsas probelm Liviya cəmiyyətinin yekcins olmamasıdır. O, çoxsaylı nəsllərdən ibarətdir. Müammər Qəddafi bu nəsllərin ağsaqqalları arasında balansa nail olmuşdu və bu, ölkədə sabitliyi təmin etmişci. İndi isə analitiklər Liviyanın parçalanacağını istisna etmirlər.
Liviyadakı yeni münaqişə Avropadakı vəziyyətə də təsir edəcək. İndiyədək minlərlə mühacir Avropaya üz tutub. Yeni müharibə isə növbəti mühacir dalğasına səbəb olacaq.
Başqa təhlükə isə Liviyadakı silahlardır. Qəddafiyə məxsus cəbbəxananın silahları dünya ictimaiyyətini narahat etməyə bilməz.
Rusiya BMT Təhlükəsizlik Şurasına Liviyadakı silah anbarlarına, ilk növbədə, daşına bilən zenit-raket komplekslərinə nəzarəti nəzərdə tutan qətnamə layihəsi təqdim edib. Məhz bu komplekslər terrorçuların əlinə düşə və ciddi təhlükə mənbəyinə çevrilə bilər. Onu da nəzərə almaq lazımdır ki, Liviyada minlərlə ton zəhərli maddə var. Ölkədə kimyəvi silahın olduğunu Milli Keçid Şurası icraiyyə komitəsinin sədri Mahmud Cibril də təsdiqləyib.
DOSTLARINLA PAYLAŞ: