Livanlı ərəb ABŞ prezidenti Barak Obamanın həyatını xilas edib
18 Fevral 2012 Şənbə 10:15
FTB əməkdaşları prezidentin təhlükəsizliyinin təimnatına dair məxfi sənədləri restoranda unudublar, restoranın sahibi olan ərəb sənədləri könüllü şəkildə FTB-yə təhvil verib.
Ötən ilin noyabrında Fransanın Kann şəhərində keçirilmiş dövlət və hökumət başçılarının “G-20” zirvə toplantısında ABŞ prezidentinin təhlükəsizliyi ilə bağlı xoşagəlməz insident baş verib. APA-nın Avropa bürosunun məlumatına görə, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı toplantıdan bir gün əvvəl Barak Obamanın şəxsi təhlükəsizliyinin təlimatlarına dair yüksək dərəcəli konfidensial sənədləri Kann şəhərində bir livanlı ərəbin kafesində unudaraq gedib. Lakin restoranın sahibi FTB əməkdaşlarını vaxtında xəbərdar edərək, onları dramatik nəticələrlə sonuclana biləcək təhlükədən xilas etmiş olub. Uzun müddət mətbuatdan və ictimaiyyətdən gizli saxlanılan bu biabırçı hadisə dünən Fransanın “Nice matin” internet portalı tərəfindən açıqlanıb.

Sammitin keçiriləcəyi tarixdən bir gün əvvəl Kann şəhərində yüksək təhlükəsizlik tədbirləri görülüb və şəhər ABŞ prezidenti Barak Obamanı qarşılamağa hazır olub. Həmin ərəfədə təhlükəsizlik işləri ilə məşğul olan şəhərdəki çoxsaylı FTB əməkdaşlarından biri Kanndakı livanlıların "Əl Şərq" adlı restoranında nahar edib və restorandan çıxdıqda Amerika prezidentinin şəxsi təhlükəsizliyinin təlimatlarına dair yüksək dərəcəli konfidensial sənədlərdən ibarət qovluğu masanın üstündə unudaraq gedib.

"Bu, sadə bir qovluq idi. Mən onu açdım və bu sənədlərin çox vacib olduğunu dərhal anladım". Bu sözləri restoranın sahibi Bilal Herş deyib. Sənədlərdə Barak Obamanın qalacağı “Carlton” otelinin 5-ci mərtəbəsinin, onun şəxsi otağının ətraflı planının əks olunduğu, həmçinin prezidentin Nitsa aeroportuna gəlişindən, şəhəri tərk etməsinə qədər sammit ərzində bütün hərəkət marşrutlarına dair detalların qeyd olunduğu bildirilir. Restoran sahibi özünü itirməyərək, internetdə FTB-nin telefon nömrəsini tapır və dərhal təşkilatın ABŞ-dakı baş qərargahına zəng edərək, onlara unudulmuş qovluq haqda məlumat verib. Telefonda onlara sənədin ilk cümləsini oxuduqda, Bilal Herş xətdə yalnız bir cümlə eşidir: "Yerinizdə dayanın, gəlirik". Restoran sahibindən ünvanı belə soruşmurlar. Bir neçə dəqiqədən sonra FTB-nin iki əməkdaşı restorana gəlir və qovluğu açan kimi, hər ikisi "Oh my God!" deyərək iki əlləri ilə başlarını tuturlar. Onlar restoran sahibindən bu sənədlər haqda başqa kimlərəsə danışıb-danışmadığı, sənədlərin surətini çıxarıb-çıxartmadığı haqda soruşublar və hər ehtimala qarşı onun kimliyini də ətraflı şəkildə yoxlayıblar. Xəfiyyələr Bilal Herşini sorğu-suala tutduqdan sonra onu sərbəst buraxsalar da, Barak Obama Kannda olduğu müddət ərzində FTB əməkdaşları hər gün onun restoranında nahar ediblər. Bundan başqa, Bilal Herş FTB tərəfindən “Şərəf” ordeni ilə də təltif edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar