Levon Ter-Petrosyan Madrid prinsiplərini tənqid etdi
21 Aprel 2012 Şənbə 01:28
Levon Ter-Petrosyan “Bu, Dağlıq Qarabağın Azərbaycana muxtariyyət statusu ilə qaytarılmasını gizlətmək üçün diplomatik fənddir”.
Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq vasitəçilərin təkliflərini (Madrid prinsipləri) tənqid edib. ANS PRESS-in "Azatutyun" ("Azadlıq") radiosuna istinadən verdiyi məlumata görə, o, İrəvanda keçirilən mitinqdəki çıxışında bildirib ki, Ermənistan müxalifəti Madrid prinsiplərində əhəmiyyətli dəyişiklilərin edilməsi üçün səy göstərəcək.
Levon Ter-Petrosyanın fikrincə, ABŞ, Fransa və Rusiyanın təklif etdiyi sənəddə xalqların öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü prinsipləri bir araya sığmır. Onun sbözlərinə görə, bu, Dağlıq Qarabağın Azərbaycana muxtariyyət statusu ilə qaytarılmasını gizlətmək üçün diplomatik fənddir.
Levon Ter-Petrosyan bəyan edib ki, müxalifət parlament seçkilərində qalib gəlsə, Madrid prinsiplərinin dəyişdirilməsinə çalışacaq. O hesab edir ki, prinsiplərdə Dağlıq Qarabağın statusu ilə bağlı referendumun nə vaxt keçiriləcəyi və səsvermədə kimlərin iştirak edəcəyi əksini tapmalıdır. “Əgər bu məsələlər həllini tapmasa, deməli, referendum yalnız erməni xalqını aldatmaq üçün tələ, hiylədir”.
Levon Ter-Petrosyan mitinqdəki çıxışında Serj Sarkisyan və Robert Koçaryan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki siyasətini kəskin tənqid edib. O, hakim rejimi iqtidarı əldə saxlamaq üçün birtərəfli güzəştlərdə günahlandırıb.
DOSTLARINLA PAYLAŞ: