Küveyt əmiri parlamentin fəaliyyətini dayandırdı
19 İyun 2012 Çərşənbə Axşamı 01:45
Əmir bu yolla nazirləri deputatlar tərəfindən ifşadan qorumağa çalışır.
Küveyt əmiri Sabah əl-Əhməd əl-Sabah parlamentin fəaliyyətini bir ay müddətini dayandırıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, xəbəri Küveytin KUNA agentliyi yayıb.
Əmirin qanunverici orqanının fəaliyyətinin dayandırılması barədə qərarı daxili işlər naziri, hökumətdəki ən nüfuzlu şəxslərdən biri Əhməd əl-Həsud əl-Sabahın parlamentə gəlişi ərəfəsinə təsadüf edib. Parlamentdə çoxluq təşkil edən müxalifətçi deputatlar nazirə vətəndaşlığın verilməsindəki qanunsuzluqlarla bağlı suallar verməyi planlaşdırırdılar. Bundan başqa, deputatlar hesab edirlər ki, əksər Küveyt vətəndaşlarının ikili vətəndaşlığı var və bu, qanunvericiliyə ziddir.
Əmirin qərarı ölkədəki siyasi böhranın qarşısının alınması, eləcə də hökumətlə deputatlar arasında danışıqların aparılması ilə əlaqədardır. Qərar dövlət başçısına parlamentin işini bir ayadək dayandırmaq hüququ verən ölkə Konstitusiyasına uyğundur.
“Associated Press” agentliyinin məlumatına görə, parlament bir aydan sonra da fəaliyyətini davam etdirə bilməyəcək. Çünki əmirin təyin etdiyi müddət başa çatandan dərhal sonra Ramazan ayı başlayacaq və bu ay bayram sayılır.
Bu ilin fevralında Küveytdə islamçılar növbədənkənar parlament seçkilərində qalib gəldikdən sonra deputatlar və nazirlər arasında gərginlik yaranıb. Ötən müddət ərzində parlamentdəki ifşasından sonra maliyyə, eləcə də sosial siyasət və əmək nazirləri istefa verməli olublar. Deputatlar yaxın vaxtlarda neft və müdafiə nazirlərinə suallar verməyi planlaşdırırdılar.
DOSTLARINLA PAYLAŞ: