Kurmanbek Bakiyevin taleyi qaranlıq qalır
11 Aprel 2010 Bazar 21:35
Elmira İbraimova: "Onunla nə edəcəyimiz barədə hələ konkret qərar qəbul etməmişik".
Qırğızıstanda artıq üçüncü gündür ki, ümummilli matəm günüdür. Bütün ölkədə dövlət bayraqları endirilib. Paytaxt və digər şəhərlərdə vətəndaşların qorunması üçün tam təhlükəsizlik tədbirldərinin gücləndirildiyi bildirilir.

ABŞ isə artıq Qırğızıstanın müvəqqəti hökuməti ilə əlaqələr qurmağa başlayıb. ABŞ-ın dövlət katibi Hillari Klinton Qırğızıstanın müvəqqəti hökumət rəhbəri Roza Otunbaeva ilə telefonla danışıb. Klinton ölkədə hökm sürən hazırkı siyasi gərginliyin aradan qaldırılması üçün Qırğızıstana, eləcə də müvəqqəti hökümətə hər bir dəstəyi göstərməyə hazır olduğunu deyib.

Yayılan məlumatlara görə, Qırğızıstanda dövlət büdcəsi tamamilə boşalıb. Artıq müvəqqəti hökumət Rusiyaya maliyyə yardımı ilə əlaqədar müraciət edib. Bununla yanaşı müvəqqəti hökumət baş verən hadisələri daha yaxından araşdırmaq üçün respublikaya beynəlxalq komissiya dəvət edəcəyini bəyan edib. Qırğızıstanın Müvəqqəti Milli Təhlükəsizlik Şurası isə prezident Kurmanbek Bakıyevin ələ keçirilməsinə dair əməliyyat planı hazırlayır.

ANS-in Bişkekə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, paytaxtda nisbi sakitlikdir. Lakin müvəqqəti hökumət nümayəndələrinin şəhərə əlavə sayda polis qüvvələrinin cəlb edilməsi ilə bağlı məlumat verməsinə baxmayaraq, Bişkekdə milis patrullarının çoxluğu gözə dəyməyib.

Müvəqqəti hökumətin sosial məsələlər və KİV üzrə naziri Elmira İbraimova ANS-ə müsahibəsində bildirib ki, ölkədə ali qanunverici orqana seçkilərin keçirilməsindən və hökumətin formalaşmasından əvvəl konstitusiya məsələsi həll edilməlidir. Onun sözlərinə görə, konstitusiyaya yeniliklər salınmalıdır ki, ölkənin qəsb edilməsi və bir şəxsin əlində qalması baş verməsin: “Buna görə də müvəqqəti hökumətin bir üzvünə, daha doğrusu Umurbek Tikibayevə konstitusiyanın yeni variantını hazırlamaq göstərişi verilib. Biz hesab edirik ki, əsas diqqət parlamentarizmə vurulacaq. Yəni söhbət parlament respublikasının formalaşmasından gedir. Kurmanbek Bakiyevə gəldikdə isə demək istəyirəm ki, onunla nə edəcəyimiz barədə hələ konkret qərar qəbul edilməyib. Prezident haqqında qanuna baxıldıqdan sonra onun məsələsinə cinayət qaydasında baxılacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar