Kül dumanı Avropa ölkələrində ərzaq qıtlığı yarada bilər
19 Aprel 2010 Bazar Ertəsi 11:00
Bu günədək 65 min aviareys təxirə salınıb, aviaşirkətlər 1 mırd. avro zərər görüb.
Bakı - APA. İslandiyada baş verən vulkanın doğurduğu kül dumanı nəticəsində fəaliyyəti iflic olan Avropa aviaşirkətləri aviareyslərin təxirə salınması haqda qərara yenidən baxılmasını tələb edirlər.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, aviaşirkətlər tələblərini bu qərarın onların fəaliyyətinə külli miqdarda zərər vurması və keçirdikləri test uçuşlarının uğurla sonuclanması ilə əlaqələndirirlər.
Hesablamalara görə, aeroport və aviaşirkətlərin uğradığı zərər artıq 1 mlrd. avronu keçib. Hazırda Böyük Britaniya, İrlandiya, Almaniya, Belçika, Avstriya, İsveçrə, Danimarka, Norveç, İsveç, Estoniya, Latviya, Litva, Çexiya, Slovakiya, Finlandiya, Macarıstan, İtaliyanın şimalı İspaniya, Lüksemburq, Fransa, Bolqarıstan və Polşanın isə bir hissəsinin hava məkanı bağlanıb.
Beynəlxalq Aeroportlar Şurasının məlumatına görə, aprelin 15-dən bəri bütün Avropada 313 hava limanının fəaliyyəti iflic olub, 65 min aviareys təxirə salınıb. Nəticədə 7 mln. sərnişin mənzil başına vaxtında çata bilməyib. Kül dumanının vurduğu zərər 1 günə orta hesabla 200 mln. avro təşkil edir. Bundan udan tərəf isə quru və dəniz nəqliyyatı, ilk növbədə isə dəmir yollarıdır. Avtomobillərin kirayəsinə tələbat da artıb.
İslandiya Meteoroloji Xidmətindən bildirilib ki, son 24 saat ərzində vulkanın püskürməsi güclənib. Kül dumanının Avropa üzərində daha dörd-beş gün qalacağı gözlənilir.
Avropa İttifaqına daxil olan bəzi ölkələrdə təyyarə ilə idxal olunan ərzaq məhsullarının çatışmazlığı hiss olunur. Böyük Britaniyanın bəzi rayonlarının yerli hakimiyyət orqanları artıq müvafiq xəbərdarlıqla çıxış ediblər. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo bu gün nəqliyyat nazirləri səviyyəsində Avropa İttifaqı Şurasının videokonfransının keçiriləcəyini bildirib. Nazirlər İslandiyada vulkan püskürməsinin vurduğu maddi zərəri hesablayacaq, Avropa hava limanlarında qalmış minlərlə sərnişinin daşınması üçün alternativ yollar arayacaqlar. APA
DOSTLARINLA PAYLAŞ: