KTMT Qırğızıstana texnika yeridəcək
15 İyun 2010 Çərşənbə Axşamı 11:55
Qurum bu ölkəyə aviasiya, texnika və hərbi nəqliyyat göndərmək qərarına gəlib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qırğızıstana aviasiya, texnika və hərbi nəqliyyat vasitələri göndərməyi qərara alıb. Bu barədə razılıq təşkilatın ötən gün keçirilən toplantısında əldə olunub.
Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Alik Orozov deyib ki, əldə olunmuş razılığa əsasən yaxın zamanda ölkəyə hərbi yardım karvanı daxil olacaq. Onun sözlərinə görə, KTMT, həmçinin Qırğızıstanın cənubunda silahlı qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməsinə qərar verib. KTMT-nin Təhlükəsizlik Şurasının katibləri Qırğızıstanın hüquq-mühafizə orqanlarına kömək etməyi təklif edib. Təşkilatın baş katibi Nikolay Bordyujanın sözlərinə görə, Qırğızıstandakı orqanların gücü kifayət qədər olsa da onların texnikaya, helikopterlərə, quru nəqliyyatına və yanacağa ehtiyacı var və ilkin tədlbirlər kimi əgər bu yardımlar edilərsə, vəziyyət sabitləşə bilər. "Biz kompleks tədbirlər təklif edirik - KTMT Oş və Cəlalabadda toqquşmların təşkilatçılarının tapılmasına və onların məsuliyyətə cəlb edilməsinə qədər köməklik edə bilər", deyə Boryuja bildirib.
Rusiya prezidenti Dmitri Medvedev isə Qırğızıstandakı vəziyyətlə əlaqədar olaraq KTMT ölkələrinin rəhbərlərinin təcili toplantısının da çağırılmasını istisna etməyib. Rusiya prezidenti Qırğızıstanda hazırda vəziyyətin dözülməz olduğunu söyləyib.
“Hazırda Qırğızıstanda vəziyyət dözülməzdir. İnsanlar ölürlər, qan axıdılır, etnik zəmindəki kütləvi iğtişaşlar davam edir. Bu, Mərkəzi Asiya regionu üçün çox təhlükəlidir. Ona görə də, bu halların qarşısını almaq üçün-qanuna uyğun olaraq, lakin sərt şəkildə hər şey edilməlidir. Mən artıq bu barədə müvəqqəti hökumətin rəhbəri Roza Otunbayevaya bildirmişəm”, - deyə Medvedev bildirib.
Rusiya prezidenti belə bir vəziyyətdə Qırğızıstana kömək etməyin vacib olduğunu bildirib. “Biz başa düşürük ki, bu təcrübə məsələsidir. Əgər sabitlik bərpa olunsa biz bununla kifayətlənə bilərik”, - deyə o qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: