Krımda tatarın rəhbər təyin edilməsi münaqişə yaratdı
05 Aprel 2014 Şənbə 21:34
Kollektivin bir hissəsi işdən çıxarılmış keçmiş baş direktor Valeri Naumenkonun bərpasını tələb ediblər.
Krım xanlığının tarixi mərkəzi Bağçasaray şəhərindəki tarix-mədəniyyət qoruğunun yeni baş direktoru Elmira Abləlimova kollektivə təqdim edilib.

ANS PRESS-in məlumatına görə, yeni baş direktoru kollektivə Krımın baş naziri Sergey Aksyonov təqdim edib. Tədbirdə bir çox tanınmış siyasətçilər və yüksək çinli məmurlar iştirak ediblər. Onların sırasında Krım baş nazirinin müavini Lenur İslamov, Baxçasaray rayonunun icra hakimiyyətinin başçısı İlmi Umerov, Baxçasaray rayon sovetinin sədri Valentina Kraşkina, Baxçasaray Məclisinin sədri Əhtəm Çiygöz, Xan sarayının direktoru Ənvər Umerov və başqaları olublar.

Qoruğun başçısının dəyişdirilməsi əməkdaşların bir qisminin narazılığına səbəb olub. Onlar işdən çıxarılmış keçmiş baş direktor Valeri Naumenkonun bərpasını tələb ediblər. Etirazçılar əvvəlcə Bağçarsarayın mərkəzində piket keçiriblər, daha sonra Simferopola gedərək Krım Ali Sovetinin qarşısına toplanıblar. “Qoruğu əldən verməyəcəyik”,- deyə şüarlar səsləndiriblər.

Kollektivin bu hissəsinin etirazına cavab olaraq Aksyonov bildirib ki, yeni baş direktor Elmira Nərimanovna normal və həlim insandır, Krımda tatar abidələri ilə yanaşı provaslav və karaim abidələrinin də qorunmasına çalışacaq. “Məsələ vəzifəyə Krım tatarının və ya rusun gətirilməsində deyil. Gəlin bu mövzunu istismar etməyi dayandıraq. Gəlin ondan danışaq ki, ruslar və Krım tatarları artıq Krımda yeni cür yaşayacaqlar”, - deyə Aksyonov vurğulayıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar