Kot Divuarda komendant saatı uzadıldı
14 Dekabr 2010 Çərşənbə Axşamı 03:47
Vaxt çərçivəsində müəyyən yumşalmalar şərtilə komendant saatı dekabrın 21-nədək davam edəcək
Kot Divuar prezidenti Loran Qbaqbo ölkədə komendat saatını bir həftəlik uzadıb. Ölkədəki prezident seçkilərinin ikinci turunun nəticələri elan edildikdən sonra yaranan siyasi ikihakimiyyətliliklə əlaqədar tətbiq olunan komendant saatı dekabrın 21-nədək davam edəcək. Loran Qbaqbo komendant saatının müddətini uzatsa da, vaxt çərçivəsində müəyyən yumşalmalar olacaq. Artıq məhdudiyyət tədbirləri saat 00.00-dan 05.00-adək tətbiq ediləcək. Əvvllər komendant saatı saat 22.00-dan növbəti gün saat 05.00-adək qüvvədə idi.
Kot Divuarda prezident seçkiləri oktyabrın 31-də keçirilib. Müstəqil seçki komissiyasının məlumatına görə, ikinci turda 54 faiz səslə Alassan Uattara qalib gəlib. Lakin Konstitusiya Şurası bu nəticələri ləğv edib və fəaliyyətdə olan prezident Loran Qbaqbonu seçkinin qalibi kimi tanıyıb. Özünü qalib elan edən hər iki namizəd ayrı-ayrılıqda prezident andı içib və iki müxtəlif hökumət formalaşdırılıb.
Ölkədə komendant saatı noyabrın 27-də prezident seçkilərinin ikinci turundan sonra səslərin hesablanmasına qanunsuz müdaxilələrə yol verməmək üçün elan edilib.
BMT-nin Baş katibi Pan Gi Mun dekabrın 3-də Alassan Uattaraya dəstək verib və Loraq Qbaqbonu hakimiyyəti dinc yolla təhvil verməyə çağırıb. Lakin sonra məlum oldu ki, BMT-nin Təhlükəsizlik Şurası seçkilərlə bağlı yekdil rəyə gələ bilməyib. Yalnız dekabrın 9-da bir neçə saat davam edən müzakirələrdən sonra Təhlükəsizlik Şurası Kot Divuardakı seçkilərə münasibət bildirdi. Amma bu bəyanat da qeyri-müəyyən oldu. BMT Təhlükəsizlik Şurası seçkilərin qalibini birbaşa göstərmədən Afrika Birliyi və Qərbi Afrika ölkələrinin İqtisadi Şurasının bəyanatlarını dəstəklədi.
DOSTLARINLA PAYLAŞ: