Kot-d’İvuarda iki prezident mübarizə aparır
01 Aprel 2011 Cümə 13:58
Paytaxtda komendant saatı elan edilib
Kot-Divuarın paytaxtı Abicanda bütün gecə silah səsləri eşidilib. Dünya ictimaiyyətinin tanıdığı prezident Alassan Uattara paytaxtda komendant saatı elan edib. Alassan Uattara hökuməti ölkənin quru, hava və dəniz sərhədlərini bağlamaq göstərişi verib. Məqsəd keçmiş prezident və özünü son seçkilərin də qalibi hesab edən Loran Qbaqbonun tərəfdarlarının şəhəri talan etməsinin qarşısını almaqdır.

Ötən gündən davam edən atışma nəticəsində hər iki prezidentin tərəfdarları arasında çox sayda yaralı var, lakin onların dəqiq sayı açıqlanmır.

Prezident Uattara isə ötən axşam televiziya ilə müraciət edərək Loran Qbaqbonu hakimiyyətdən getməyə çağırıb. Bundan dərhal sonra isə Loran Qbaqbo tərəfdarları Abicandakı 'Qolf' otelindən bir neçə aydır davam edən blokadanı aradan qaldırıblar.

Hazırda Kot-Divuar paytaxtında hər iki prezidentin tərəfdarları arasında ağır artilleriyanın iştirrakı ilə döyüşlər gedir. Prezident sarayı ətrafında da atışmalar olub. Loran Qbaqbo tərəfdarları Abican küçələrində avtomobillərdən barrikadalar qurublar. 4 milyonluq əhalisi olan şəhərin sakinləri öz evlərindən çıxmağa qorxurlar. Alassan Uattara tərəfdarları Loran Qbaqbonun iqamətgahına hücum edib, Loran Qbaqbonun özünün də binada olduğu bildirilir. Bundan başqa, Uattara tərəfdarları dövlət televiziyasına nəzarəti ələ keçirib və yayımı dayandırıb. Bəzi mənbələrə görə, Uattara qüvvələri Kot-D’ivuarın ərazisinin 80 faizinə nəzarət edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar