Klinton WikiLeaksin vurduğu zərbəni neytrallaşdırmağa çalışıb
17 Dekabr 2010 Cümə 17:10
Politoloq Hillari Klintonun İlham Əliyevə zəng etməsinə münasibət bildirib
ABŞ-ın dövlət katibi Hillari Klintonun prezident İlham Əliyevə zəng edərək “WikiLeaks”də Amerika diplomatlarının gizli yazışmlarına istinadən Azərbaycanla bağlı yayılan materiallardan təəssüfləndiyini bildirməsi bir çox məsələlərlə bağlıdır. Bunu ANS PRESS-ə açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi başa düşür ki, onların bilərəkdən və ya bilməyərəkdən “WikiLeaks”ə ötürdükləri materiallar Birləşmiş Ştatların dünyada imicinə kifayət qədər zərbə vurur.

“Bu səbəbdən Ağ ev rəhbərliyi “WikiLeaks” “bomba”sından daha çox ziyan çəkən və onların hücumuna məruz qalan dövlətlərin başçılarına zəng edib üzr istəyirlər. Məsələn, bir müddət öncə prezident Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng etmişdi, o cümlədən xanım Hillari Klinton ATƏT-in Qazaxıstan paytaxtı Astanada keçirilən sammitdə iştirak çərçivəsində bir çox dövlətlərin başçıları ilə görüşərək son hadisələrdən sonra onların könlünü almağa çalışmışdı. ABŞ rəhbərliyi başa düşür ki, “WikiLeaks” onun imicinə ciddi zərbə vurub. Onlar indi o zərbəni neytrallaşdırmağa çalışırlar”, - deyə politoloq bildirib.

Mübariz Əhmədoğlunun fikrincə, “WikiLeaks”in yaydığı materiallardan ən çox zərər çəkən iki ölkə varsa, onlardan da biri Azərbaycan, digəri isə Türkiyədir. O bildirib ki, bu baxımdan Birləşmiş Ştatlar rəhbərliyi daha çox bu iki ölkə ilə münasibətlərinə aydınlıq gətirməyə çalışır.

Politoloq hesab edir ki, Klinton İlham Əliyevə “WikiLeaks”in Azərbaycana vurduğu zədəni neytrallaşdırmaq məqsədilə zəng vurub. Mübariz Əhmədoğlu həmçinin qeyd edib ki, bu həm də ABŞ-ın Azərbaycanda olan güclü enerji maraqlarından irəli gəlir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar