Kim güc gələcək: Ukrayna yoxsa Rusiya?
15 Mart 2014 Şənbə 22:46
Sabah səhər yerli vaxtla saat 8-dən 20-dək krımlılar həyat yüklü bu suala cavab verəcəklər.
Krım Muxtar Respublikasında referendumun keçirilməsinə saatlar qaldığı bir vaxtda Ukrayna Ali Radası Krım parlamentinin səlahiyyətlərinə xitam verdi. 296 millət vəkilindən 278-i qərarın lehinə səs verdi. Bir gün əvvəl isə Krım parlamentinin referendum keçirmək barədə qərarını Ukrayna Konstitusiya məhkəməsi etibarsız hesab etmişdi. Bu addımın atılacağı isə gözlənilən idi, çünki ssenari təkrarlanır. Ötən il Vitali Kliçkonun Almaniya səfərindən sonra meydan hərəkatı başlandı və Yanukoviç devrildi. İndi də gələn var. Yatsenyuk Amerika səfərindən yeni qayıdıb.
Amma görünən odur ki, Krım parlamenti üçün geriyə qayıdış yoxdur. Krım parlamenti heç nə olmamış kimi ölkənin müqəddəratını həll edəcək referenduma hazırlaşır. Seçki öncəsi elan olunan sükut sabah seçki ərəfəsində yaşanacaq dinamika ilə əvəzlənəcək. Ukrayna yoxsa Rusiya? Sabah səhər yerli vaxtla saat 8-dən 20-dək krımlılar həyat yüklü bu suala cavab verəcəklər.
Referendumun nəticəsini isə hər iki ölkənin seçki öncəsi davranışa əsasən proqnozlaşdırmaq elə də çətin deyil. 58 il tərkibində olan Krımı itirməmək üçün Ukrayna hökuməti dünya liderlərinə səslənir, danışıqlar aparır, qadağalar qoyur. Avropaya güvənən yeni hökumət rus dilinə qadağa qoymaqla hadisələrin cərəyanını müsbətə dəyişəcəyinə əmin görünürdü. Amma indi əminlik sırası keçib Rusiyaya. Opponentindən fərqli olaraq Rusiya sakit və soyuq davranışı ilə referendumun keçiriləcəyi anı, gözünü yolda qoyan Krımı əldə edəcəyi günü gözləyir. Əslində Rusiyanın bura marağının kökü 100 illərə gedib çıxır. Krım Rusiyanın Qara dənizə açılan yeganə qapısıdır. Rusiya Krımı Ukraynaya 1954-cü ildə verib. O dönəmdə hər ikisi Sovet İttifaqının üzvü idilər. Sovet İttifaqı dağılandan sonra isə Krımdan Rusyaya bağlanmaq səsləri eşidilmişdi, lakin Ukrayna və Krım parlamentləri bunu qəbul etməmişdilər. İndi Krımda 3 qrup yaşayır. Ukraynalılar şimalda, ruslar cənubda, tatarlar isə ortada. Stalin dönəmində zülm görən tatarlar Rusiyaya qətiyyən yaxınlaşmaq istəmirlər. Krımın Rusiya üçün marağının böyük olmasının əsas göstəricisi isə Qara dənizdə olan ordusudur.
Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin Krım yaxınlığında yerləşən Xerson vilayəti ərazisinə daxil olmaq cəhdinin qarşını alıb. Bu barədə Reuters agentliyi Ukraynanın müdafiə nazirliyinə istinadən xəbər yayıb. Rusiya silahlı qüvvələrinə məxsus desantın Arbatskaya Strelka qəsəbəsinə helikopterdən enməsini müvafiq qurumlara yerli sakinlər xəbər edib. Sakinlər 40-a yaxın hərbçinin yerə enməsinin şahidi olublar. Ukrayna ordusu həmlənin qarşısını almaq üçün qırıcıları havaya qaldırıb, paraşutçu desant qüvvələrini əraziyə yollayıb. Nazirliyin məlumatına görə, rusiyalı hərbçilərin qəsəbəyə daxil olmaq cəhdinin qarşısı dərhal alınıb. İddia olunan rusiyalı desant qüvvələrin aqibəti barədə məlumat verilmir.
DOSTLARINLA PAYLAŞ: