Kilsə üçün “tanrıya inanan keşiş” axtarılır
27 Yanvar 2013 Bazar 03:53
Karl Corc Pedersen əvvəllər kilsədə tanrıya inanmayan keşişlərə rast gəldiklərini bildirib
Danimarkanın Viborq şəhərində verilən elan ölkə gündəminin əsas müzakirə obyekti olub. Belə ki, Viborq şəhəri Mejdal Kirke rayonunda kilsə rəhbərliyi tərəfindən ibadət ocağına yeni keşiş təyin edilməsi ilə bağlı verilən elanda tələblər arasında kilsəyə qəbul olunacaq keşişin tanrıya inanan bir insan olmasının vacibliyi qeyd edib.
Mejdal Kirke kilsəsinin İdarə Heyətinin sədri Karl Corc Pedersen əvvəllər kilsədə tanrıya inanmayan keşişlərə rast gəldiklərini bildirərək, din xadiminin inancını idmançının qaçışını ölçmək kimi yoxlamaq niyyətində olmadıqlarını deyib. Ölkənin Kilsə naziri Manu Sarin elanda yer alan ifadələrdən təəccübləndiyini və mətnin hərtərəfli düşünülmədən hazırlandığını iddia edib.
Danimarka Rahiblər Dərnəyinin sədri Per Buçolt Andresen isə elandakı “inanan keşiş” ifadəsinin düşündürücü olduğunu deyib. Məlumat üçün deyək ki, ölkədə 2003-cü ildə təqaüdə göndərilən Torkild Qrosböll adlı keşişin dünyanı yaradan bir tanrının mövcudluğuna inanmadığını bildirməsi mübahisələrə səbəb olmuşdu.
DOSTLARINLA PAYLAŞ: