Ketrin Eşton İrana zəmanət vermir
09 Mart 2014 Bazar 13:42
Avropa Birliyi (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İrana səfər edib.
ANS PRESS-in məlumatına görə, Tehranda onu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı qarşılayıb. K.Eştonu bu səfərdə müavini Helqa Şmidt və xüsusi köməkçisi Stefan Kolment müşayiət edir.
AB rəsmisi bu gün günorta saatlarında İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb və onlar birlikdə mətbuat konfransı keçiriblər. K.Eşton görüşdə İranla nüvə proqramı üzrə danışıqların hərtərəfli razılaşmaya gətirib çıxaracağına zəmanət vermədiyini bildirib. İran və "altılıq" (beynəlxalq vasitəçilər) arasında müvəqqəti razılaşmanın vacibliyini qeyd edən AB rəsmisi, "Yekun hərtərəfli sazişin imzalanması isə daha vacibdir, lakin buna nail olmaq çətindir və uğur qazanacağımıza heç bir zəmanət yoxdur". - deyə bildirib.
2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkəyə qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir.
Avropa Birliyi (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin İrana 3 günlük səfəri İran prezidenti Həsən Ruhani, ölkə parlamentinin sədri Əli Laricani, İran Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti, İran Məsləhət Şurasının sədri və eks-prezident Əliəkbər Haşimi Rəfsəncani ilə görüşləri nəzərdə tutulub. K.Eştonun İran rəsmiləri ilə keçirəcəyi görüşlərdə rəsmi Tehranla AB arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və nüvə məsələsi əsas müzakirə mövzusu olacaq.
AB rəsmisi İran rəsmiləri ilə görüşlərini bitirdikdən sonra martın 10-da İsfahan şəhərinə gedəcək və burada tarixi, maddi-mədəniyyət abidələrini ziyarət edəcək.
DOSTLARINLA PAYLAŞ: