İraqın Kərkük şəhərində yük avtomobilinin partladılması nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb. Yaralananların sayı isə 200 nəfərdir. Kərkükün cənubunda yerləşən Taza yaşayış məntəqəsində baş vermiş partlayış baş nazir Nuri Əl Malikinin bu ayın sonunda Birləşmiş Ştatlar qoşunlarının şəhərdən çıxarılmasını böyük qələbə adlandırmasından bir neçə saat sonraya təsadüf edib. Güman edilir ki, İraq hökümətinin öz əhalisini qorumaq iqtidarında olmadığını göstərmək üçün qoşunlar ölkəni tərk edən ərəfədə daha yeni partlayışlar törədiləcək. Polisin bildirdiyinə görə yük maşını möminlər məscidi tərk edən zaman partladılıb. Məscid və ətrafdakı 20 ev dağılıb. Xilasedicilər saatlarla dağıntılar altında qalmış insanları axtarıblar. Ölənlərin sayının artacağı gözlənilir. /ANSPRESS/