Keçmiş prezidentə qarşı cinayət işi qaldırılıb
23 Mart 2011 Çərşənbə 09:49
Ukraynanın sabiq prezidenti Leonid Kuçma qətlə fərman verməkdə şübhəli bilinir
Ukraynanın sabiq prezidenti Leonid Kuçmaya qarşı cinayət işi açılıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Prokurorluğu keçmiş prezidentə qarşı cinayət işinin qaldırılması faktını təsdiqləyib.

Ölkə baş prokurorunun müavini Renat Kuzmin ötən günü jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, iş müxalifətdən olan jurnalist Georgi Qonqadzenin qətlinin tədqiqatı ilə əlaqədar başlanıb.

“Kuçma Leonid Daniloviç hakimiyyət səlahiyyətlərini aşmaq və Daxili İşlər Nazirliyi əməkdaşlarına jurnalistin qətlinə gətirib çıxaran qanunsuz sərəncamlar verməkdə şübhəli bilinir”, - deyə Kuzmin bildirib.

Baş prokuror müavini həmçinin qeyd edib ki, Ukraynanın keçmiş prezidentindən yaşadığı yerdən kənara çıxmamağa dair kağız alınıb. “Leonid Kuçmanın Ukrayna hüdudlarından kənara çıxması məhdudlaşdırılıb. Müvafiq qərar Dövlət Sərhəd Xidmətinə göndərilib”, - deyə Kuzmin mətbuat konfransında qeyd edib.

Kuzmin Qonqadzenin qətlinə dair işin tədqiqatının “müntəzəm olaraq” aparıldığını söyləyib. Bununla belə o vurğulayıb ki, Kuçmaya qarşı ittiham hələ ki, irəli sürülməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar