Kəbənin şəkli strateji təhlükələr lövhəsinə qoyulub
24 Dekabr 2010 Cümə 05:25
Mütəxəssislər hesab edir ki, görünməyən bir qüvvə İngiltərədə süni şəkildə “İslamafobi” yaratmaq istəyir
Müsəlmanların ən rahat yaşadığı Avropa ölkəsi hesab edilən İngiltərədə İslama qarşı qalmaqallı addım atılıb. ANS PRESS “Bugün” qəzetinə istinadən xəbər verir ki, İngiltərə Xarici işlər nazirliyi Müdafiə və Strateji təhlükələr idarəsi tərəfindən hazırlanan, ölkə üçün təhlükələrin nümayiş olunduğu lövhədə Kəbənin şəkli də qoyulub. Qeyd edək ki, müsəlmanların qibləsi olan Kəbəyi Şərifin həc mövsümündə çəkilmiş şəkli güllələr, qumbaralar, minalar, nüvə silahları, terror hadisələri və s. bu kimi şəkillərlə eyni lövhədə nümayiş olunur.
İngiltərə Xarici işlər nazirliyi protokol departamentində şöbə müdiri olan şəxs “Müdafiə və Strateji təhlükə ilə Kəbə arasında nə əlaqə var?” sualına cavab verə bilməyib və bu işlə əlaqəsi olanların lazım olan açıqlamanı verəcəklərini deyib.
Nazirliyin terrorla mübarizə şöbəsinin rəsmisi isə Kəbənin şəklinin həmin lövhəyə səhvən düşdüyünü bildirib.
Qeyd edək ki, İngiltərədə 3 milyon müsəlman, 1 500 məscid var. Bundan başqa Avropanın əksinə adada minarə və niqab qadağası da yoxdur.
Son vaxtlar isə Avropada baş vermiş bəzi hadisələrin İngiltərədə də narahatlıq yaratdığı bildirilir. Mütəxəssislər isə hesab edir ki, görünməyən bir qüvvə İngiltərədə də süni şəkildə “İslamafobi” yaratmaq istəyir.
DOSTLARINLA PAYLAŞ: