Kəbənin örtüyü qaldırıldı
27 Sentyabr 2013 Cümə 16:52
Azərbaycanlı zəvvarlar oktyabrın 3-dən Həcc ziyarətinə yola düşürlər.
Həcc mövsümünün başlanmasına sayılı günlər qalmış müqəddəs Kəbənin örtüyü (kisvə) ənənəyə uyğun olaraq Kəbənin ağ mərmərdən hazırlanmış qabarıq aşağı hissəsindən yuxarı qaldırılıb. Bu iş adətən yeni Həcc mövsümünün başlanılması ərəfəsində gerçəkləşdirilir. Örtüyün qaldırılmasından sonra onun yuxarı hissəsini ağ pambıq parçaya bükürlər.
Bu yay ziyarət yerlərində təvaf, yəni Kəbə ətrafında dövr edərək gerçəkləşdirilən ziyarət üçün müvəqqəti polad konstruksiyanın quraşdırılması başa çatdırılıb. Müsəlmanların baş məscidinin - Məscidül-Həramın ərazisinin genişləndirilməsi üçün gerçəkləşdirilən tikinti işləri çərçivəsində də polad konstruksiyalardan istifadə edilib. Yeni konstruksiya Kəbə ətrafında təvaf edənlərin rahat hərəkətini təmin etmək üçündür. Konstruksiyanın hündürlüyü 13 metr, eni isə 12 metrdir.
Azərbaycanlı zəvvarlardamüqəddəs ziyarət üçün artıq hazırdırlar. Zəvvarlarımız Həcc ziyarətinə oktyabrın 3-də yola düşəcəklər. Ziyarətə gedəcək olan zəvvarlarımız üçün bu il 14 təyyarə reysinin həyata keçirilməsi gözlənilir. ANS PRESS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov zəvvarlarımız üçün nəzərdə tutulan təyyarə reyslərinin oktyabrın 3-dən başlayaraq 5 gün ərzində həyata keçiriləcəyini deyib.
Bu il Həcc ziyarətinə getmək üçün zəvvarlarımız bütün xərclər də daxil olmaqla 3750 manatla 4100 manat arasında vəsait ödəyiblər. Zəvvarlar Həcc ziyarəti başlayanda bir başa Ciddə hava limanına enəcəklər. Qayıdanda isə Mədinə aeroportlarından istifadə edəcəklər.
QMİ şöbə müdiri zəvvarların səhhətlərinin nəzarətdə saxlanması üçün onlarla birlikdə həkimlərdən təşkil olunan briqadanın da yola düşəcəyini açıqlayıb.
Həcc ziyarətinin ən son nöqtəsi olan qurban kəsilməsi bu il oktyabrın 15-16-na təsadüf edəcək. Qurban kəsilməsi əməli həcc ziyarətinin ən son nöqtəsi hesab olunur. Həmin gün bütün müsəlman aləmində Qurban bayramı kimi qeyd olunur.
DOSTLARINLA PAYLAŞ: