“The Daily Gleaner”də “Azərbaycan səfiri Nyu Bransvik ilə əməkdaşlıq edir” adlı yazı dərc olunub.
Kanadanın Nyu Bransvik əyalətinin yerli qəzeti olan “The Daily Gleaner”də “Azərbaycan səfiri Nyu Bransvik ilə əməkdaşlıq edir” (Azerbaijani ambassador eyes N.B. partnership) başlıqlı məqalə dərc olunub.
Azərbaycanın Kanadadakı Səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, ölkəmizin Kanadadakı səfiri Fərid Şəfiyev 2011-ci ilin 25-27 iyul tarixlərində Nyu Bransvik əyalətində səfərdə olub. Məqalədə diplomat F.Şəfiyev dövlət xadimlərinin və iş adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin münasibətlərin inkişafına tövhə verəcəyini bildirib.
Nyu Bransvik əyalətinin Azərbaycanın xüsusilə enerji sahəsində əsas tərəfdaşı olması, 2010-cu ildə qeyd olunan əyalətin ölkəmizdən 300 milyon ABŞ dolları (2009-cu ildə 500 milyon, 2008-ci ildə 1 milyard ABŞ dolları) həcmində neft məhsulu alması məqalədə qeyd olunub.
Həmçinin, enerjinin ölkəmizin iqtisadiyyatının əsas hissəsi olduğunu bildirən səfir Azərbaycan hökumətinin kənd təsərrüfatının da inkişafına önəm verdiyini məqalədə diqqətə çatdırıb.
İnvestisiya sahəsində hər iki ölkə arasında böyük potensialın olduğunu qeyd edən səfir ölkəmizin son 3-4 ildə Türkiyə, Gürcüstan və Moldovada müxtəlif layihələr həyata keçirdiyini qeyd edib.
Məqalə ilə aşağıdakı internet ünvanda tanış olmaq olar:
http://dailygleaner.canadaeast.com/cityregion/article/1427551
ANSPRESS