Kamal Kılıçdaroğlu CHP sədrliyinə namizədliyini elan edib
17 May 2010 Bazar Ertəsi 13:45
Türkiyə Cümhuriyyət Xalq Partiyası parlament fraksiyasının həmsədri, İstanbul millət vəkili Kamal Kılıçdaroğlu CHP sədrliyinə namizədliyini elan edib.
APA-nın xəbərinə görə, mayın 17-də yerli vaxtla saat 11.30-da partiyasının Ankaradakı mərkəzi qərargahında mətbuat konfransı keçirən K. Kılıçdaroğlu mayın 22-23-də keçiriləcək qurultayda CHP sədri vəzifəsinə namizəd olacağını açıqlayıb.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu 1948-ci ildə Türkiyənin cənub-şərqindəki Tunceli rayonunda dünyaya gəlib. Ankara İqtisadi və Ticari Elmlər Akademiyasını bitirib. Türkiyə Əmək və Sosial Təminat Nazirliyi Sosial Təminat Qurumunun və Sosial Sığorta Qurumunun sədri vəzifələrində çalışıb. Daha sonra nazirlik aparatının rəhbər müavini təyin edilib. 1999-cu ildə təqaüdə çıxıb. 2002-ci və 2007-ci illərdə keçirilən parlament seçkilərində CHP-dən namizədliyini irəli sürüb və İstanbuldan millət vəkili seçilib. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi liderləri ilə bağlı sənədli-sübutlu korrupsiya ittihamları ilə çıxış etdikdən sonra ölkədə məşhurlaşıb. 2009-cu il martın 29-da keçirilən bələdiyyə seçkilərində CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizəd olub və 36% səs toplamasına baxmayaraq, 44% səs alan AKP namizədi Qədir Topbaşa uduzub. K. Kılıçdaroğlu evlidir, 3 övladı var. Dini inancına görə Türkiyədə “ələvi” adlandırılan sufi-müsəlmandır. Xarici dillərdən fransız dilini bilir.
Xatırladaq ki, mayın 10-da CHP sədrliyindən istefa verən Dəniz Baykal bu vəzifəyə dönmək niyyətində olmadığını, lakin siyasi fəaliyyətini davam etdirəcəyini açıqlayıb. D. Baykalın qurultayda CHP-nin fəxri sədri seçiləcəyi gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: