Jurnalistə həbs və şallaq cəzası
11 May 2010 Çərşənbə Axşamı 17:25
Jurnalistə həbs və şallaq cəzası. İran məhkəməsi "Newsweek"in müxbiri barəsində qiyabi hökm çıxarıb.
İranda “Newsweek” nəşrinin müxbiri barəsində 13 il azadlıqdan məhrumetmə və 74 şallaq cəzasına məhkum edilmə barədə məhkəmə hökmü çıxarılıb. “The New York Times” qəzetinin verdiyi məlumata görə, barəsində qiyabi məhkəmə hökümü çıxarılan 42 yaşlı jurnalist 2009-cu ildə əksinqilabi fəaliyyətdə təqsirləndirilərək həbs edilsə də, sonradan ölkə sərhədlərini keçərək Londana getməyə müvəffəq olub.
Nəşrin məlumatına görə, Maziar Bahari milli təhlükəsizliyə qəsd, dövlət sirrini yayma, həmçinin ölkənin ali dini lideri Əli Xamneyi və prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə təqsirli bilinib. Məhkum olunmuş şəxsin on gün müddətində hökmdən apellyasiya şikayəti vermək hüququ saxlanılır.
2009-cu ildə İranda keçirilən prezident seçkiləri zamanı müxalifətin mövqeyini işıqlandıran jurnalist 2009-cu ildə hökumət əleyhinə təbliğatda təqsirləndirilərək həbs edilmişdi və 118 gün həbsxanada saxlanılmışdı. Ötən ilin oktyabrında məhkəmə jurnalistin arvadının hamiləliyinin sonuncu ayında olması ilə bağlı onu 300 min dollar girov müqabilində həbsdən azad edib. Həbsdən çıxan jurnalist isə qısa müddət sonra Londona, arvadının və yeni dünyaya gəlmiş qızının yanına getməyə müvəffəq olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: