Jirinovski Türkiyəni xəbərdar etdi
28 Yanvar 2013 Bazar Ertəsi 10:43
Rusiyalı siyasətçi İstanbula qarşı qurulan ssenaridən danışıb.
Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Türkiyəyə bir neçə məsləhət verməyə çalışıb. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Jirinovski deyib ki, Suriya ilə sərhəddə yerləşdirilən “guya NATO-nun sülh düşərgələri”nin əslində real təhlükədir.
O, əminliklə deyib ki, NATO-nun düşərgələrində Suriyada vətəndaş müharibəsindən sığınanlar əslində “5-ci dəstələr”in hərbi hazırlığını aparır: “Orada əslində qaçqınlara kömək etmək adı altında hərbi hazırlıq gedir. Onlar həmin düşərgələrdən Bəşər Əsədin qanuni hakimiyyətini devirmək və vəziyyəti gərginləşdirmək üçün Suriyaya keçirlər. Necə ki, Kubada Quantanamoda bütün bunlar baş verir. Bizisə aldadırlar. Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin işidir, bütün bunların sülhə heç bir dəxli yoxdur”.
LDP lideri düşünür ki, bu cür düşərgələrin nəinki Dəməşq, hətta İstanbula da zərər vura bilər. Onun sözlərinə görə, bütün bunlar sonra Türkiyəyə qarşı çevriləcək.
“Günlərin bir günü NATO və ABŞ Türkiyəni cəzalandırmaq istəsələr, onlar kürd və ermənilərin tərəfində duracaqlar. Türkiyəni kürdləri sıxışdırmaqda günahlandıracaqlar və erməni məsələsini qaldıracaqlar. Türkiyənin şərqində isə hazır müxalifət olacaq. Onlarsa Ərdoğan və ya 5 il, 10 il ondan sonra gələn birinə qarşı Suriya variantı əldə edəcəklər. Bu, böyük tamaşa və uzun ssenaridir”, - deyə Jirinovski öz proqnozlarını verib.
DOSTLARINLA PAYLAŞ: