İtmiş təyyarə ilə bağlı şok təfərrüat
11 Mart 2014 Çərşənbə Axşamı 02:16
Bu təyyarədə olan sərnişinlərin telefonuna zəng çatdığı iddia olunur.
Malayziyanın "Malaysian Airlines" aviaşirkətinə məxsus "Boinq 777" sərnişin təyyarəsinin aqibəti hələ də naməlum olaraq qalır.
ANS PRESS-in xəbərinə görə, göyərtəsində 239 nəfər adamla itən sərnişin təyyarəsi haqqında hər keçən saat yeni bir iddia ortaya atılır.
Çin mediasında yayılan xəbərlərdə deyilir ki, təyyarədəki sərnişinlərdən bəzilərinə qohumları tərəfindən zəng edildikdə - zəng çalır, lakin cavab verən olmur.
Çin dövlət televiziyası isə sərnişinlərdən birinin bacısının canlı yayımda qardaşının telefonuna zəng edərkən çəkilən görüntüləri yayımlayıb.
"Bu səhər qardaşım nömrəsini iki dəfə yığdım, zəng getdi. Günorta yenidən yığdım, yenə zəng getdi. Mən onunla əlqə qura bilirəmsə, polis də onun yerini tapa bilər. Hələ həyatda olduğuna dair bir ehtimal var" -deyə Bian Lianqvey adlı qadın qardaşının nömrəsini hava yolu şirkətinə və Çin polisinə verib.
Sinqapurun "The Strait Times" qəzetində də bir çox sərnişin yaxınlarının bənzər müraciətlərlə hava yolu şirkətini məlumatlandırdığı bildirilib.
Xatırladaq ki, itən "Boinq 777" təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 239 nəfər - əksəriyyəti Çin və Tayvandan olmaqla, 13 ölkə vətəndaşları olub.
DOSTLARINLA PAYLAŞ: