İtaliyada güclü zəlzələ baş verib
04 İyun 2012 Bazar Ertəsi 08:57
Episentri Modena əyalətində olan yeraltı təkanların gücü 5,1 bal olub.
Dünən İtaliyanın tektonik cəhətdən həssas olan şimal bölgəsində növbəti yeraltı təkanlar qeydə alınıb. Skay24 kanalı Emilya-Romanya vilayətində axşam saatlarında, yerli vaxtla 21.20-də Rixter şkalası ilə 5,1 bal gücündə zəlzələnin baş verdiyini xəbər verir.
Yeraltı təkanın episentri Modena əyalətinin Novi şəhərciyi olub. Yer qabığındakı silkələnmələr Milan və Padua şəhərlərində də açıq-aşkar hiss olunub. Əhali arasında panika yaşanığı bildirilir. İnsan tələfatı və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, mayın 29-da İtaliyanın şimalında 5,8 bal gücündə dağıdıcı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 24 nəfər ölmüş, 400-dən çox insan xəsarət almışdı. Zəlzələ nəticəsində 14 mindən çox insan küçələrdə yaşamağa məcbur olub. Bundan başqa zəlzələdən sonra xeyli sayda tikiliyə o cümlədən tarixi əhəmiyyəti olan 305-ə yaxın məbədə ciddi ziyan dəyib.
DOSTLARINLA PAYLAŞ: