İtaliya parlamenti büdcə xərclərinin azaldılmasına səs verdi
15 Sentyabr 2011 Cümə Axşamı 00:41
Qalmaqallı “maliyyə manevri” büdcə xərclərinin 54,3 milyard avro azaldılmasını nəzərdə tutur
İtaliya parlamentinin Deputatlar Palatası “maliyyə manevri” adlandırılan hökumət dekretini qəbul edib. Sənəd 2013-cü ilin sonunadək olan dövrdə dövlət büdcəsinin xərclərinin təxminən 54,3 milyard avro azaldılmasını nəzərdə tutur. Maliyyə böhranının aradan qaldırılmasına, yeni vergi və rüsumların tətbiqinə hədəflənən dekretin lehinə 314 deputat səs verib, 300 millət vəkili sənədə qarşı çıxıb.

Əsas “maliyyə manevri” tədbirləri əlavə dəyər vergisinin (ƏDV) 1% artırılması və 21%-ə çatdırılması, balanslaşdırılmış büdcəyə nail olanadək illik gəliri 300 min avronu üstələyən bütün italiyalılar üçün 3%-lik “həmrəylik vergisi”nin tətbiqi, eləcə də pensiya islahatlarının sürətləndirilməsindən ibarətdir.

Bundan başqa, sənəddə dövlət məmurlarının sayının, pegionların və bələdiyyələrin, milli nazirliklərinin büdcəsinin azaldılması, eləcə də, əyalətlərin ləğvini nəzərdə tutur. Lakin əyalətlərin ləğvi üçün xüsusi qanuna ehtiyac var və artıq hökumətdə bununla bağlı müzakirələr başlayıb.

“Maliyyə manevri”nin əsas müddəaları Avropa Mərkəzi Bankının israrlı tələbləri əsasında hazırlanıb. Bankın rəhbərliyi ən çox xarici borcu (ÜDM-in 120%-i) olan İtaliyaya 2013-cü ildə kəsirsiz dövlət büdcəsinə nail olmağı təklif edib.

Parlamentin qəbul etdiyi sənəd müxalifətin, həmkarlar ittifaqlarının, böyük və kiçik şəhərlərin merlərinin narazılığına səbəb olub. Şəhər administrasiyalarının rəhbərləri bu gün simvolik olaraq etiraz əlaməti kimi mandatlarını təhvil verməyi planlaşdırırlar.

Əsas müxalifət qüvvəsi olan Demokrat Partiyasının lideri Pyer Luici Bersani bəyan edib ki, nəzərdə tutulan tədbirlər ölkə qarşısındakı duran problemləri həll etməyəcək. Onun fikrincə, hazırkı hökumətlə qabağa getmək “qeyri-mümkün və mənasızdır”.

“Maliyyə manevri”ndən narazılığını ifadə etmək üçün bir neçə hərəkatın onlarla fəalı Deputatlar Palatasının iclasının keçirildiyi “Palazzo Montecitorio”nun qarşısına toplaşıb. Onlar parlamentin girişini qoruyan asayiş keşikçilərinə fişəng, tüstü şaşkaları və başqa əşyalar atıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar