İsveçrə Mərkəzi Bankının rəhbəri istefa verib
10 Yanvar 2012 Çərşənbə Axşamı 10:54
İsveçrə Mərkəzi Bankının rəhbəri Filipp Hildebrand həyat yoldaşının həyata keçirdiyi şübhəli valyuta sövdələşmələrinin yaratdığı qalmaqalla əlaqədar vəzifəsindən istefa verib .
“APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, hazırda Sürixdə bədii qalereyanın müdiri vəzifəsində işləyən Kaşya Hildebrand əvvəllər treyder kimi çalışıb. İsveçrə frankının kursunun düşməsindən 3 həftə əvvəl o, 504 min dollar alıb və kursun korreksiyasından sonra dollar satışından 64 400 dollar qazanıb.

Şübhəli sövdələşmə haqqında mətbuata ilk dəfə olaraq bankın əməkdaşlarından biri açıqlama verib. Nəticədə o, “bank sirrini yaymaq” ittihamı ilə işdən qovulub. Bu hadisə böyük ictimai rezonans doğurub və İsveçrənin hakim Xalq Partiyası Mərkəzi Bankın rəhbərini istefa verməyə çağırıb. İttihamları əsassız adlandıran Filipp Hildebrand əvvəlcə istefa verməkdən imtina etsə də, onda bu addımı atmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Filipp Hildebrand 1 yanvar 2010-cu ildən İsveçrə Mərkəzi Bankının rəhbəri təyin olunub. O, milli frankın dollar-avro cütlüyünə qarşı kursunun artmasını valyuta müdaxilələri ilə tənzimləməyə çalışıb. Nəticədə ölkənin 200 mlrd. İsveçrə frankı həcmində olan qızıl ehtiyatları 38,2 mlrd. frank azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar