İsveçin gənc azərbaycanlıları
19 May 2010 Çərşənbə 16:45
Təşkilata "İsveçin gənc azərbaycanlıları" adı verilib.
İsveçdəki Azərbaycan diasporunun gənc fəalları yeni təşkilat yaradıb. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) ANS PRESS-ə verilən məlumata görə, mayın 16-da Stokholmda bir araya gələn gənclərin keçirdiyi təsis konfransında Linköping Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Mahirə Muxtarlı və Stokholm Universiteti hüquq və beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Fərəc Quliyev təşkilatın nizamnaməsini geniş ekran vasitəsi ilə təqdim edib.
Məlumatda bildirilir ki, konfrans iştirakçılarının yekdil qərarı ilə İsveç Krallığında yaşayan azərbaycanlı gənclərin yeni təşkilatı “İsveçin gənc azərbaycanlıları” adlandırılıb.
“Konfransda təşkilatın idarə heyəti və rəmzləri təsdiqlənib. İdarə heyətinə həm Azərbaycandan, həm də əslən Cənubi Azərbaycandan olan tələbələr, eləcə də ayrı-ayrı idarə və müəssisələrdə çalışan fəal gənclər seçilib. Konfransa dəvət olunan qonaqlar öz çıxışlarında gənclərin bu təşəbbüsünə və onların gələcək fəaliyyətinə dəstək verəcəklərini bildiriblər”, - deyə komitənin məlumatında bildirilib.
Qeyd edək ki, tezliklə İsveç Krallığında yaşayan soydaşlarımızın birgə fəaliyyətinin nəticəsi olaraq “İsveç Azərbaycanlıları Konqresi” yaradılacaq. Konqresin ilk qurultayı bu il iyunun 5-də Stokholmun “Radisson” otelində keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: