İsveç mədəniyyət naziri “Ümumdünya İncəsənət Günü” tədbirində zənci qadın şəklində hazırlanmış tortu yeyib.
İsveç mədəniyyət naziri Lena Adelson Lilerutun “Ümumdünya İncəsənət Günü” səbəbilə keçirilən tədbirdə zənci qadın şəklində hazırlanmış tortu kəsməsi ölkədə irqçiliq mübahisələrinə səbəb olub. Məlumata görə, tədbirin məqsədi dünya ictimaiyyətinin diqqətini Afrika ölkələrində geniş yayılmış qadın sünnətinə cəlb etmək olsa da, bəziləri hesab edir ki, bu, “incəsənət donu geyindirilmiş irqçilik”dir. Milli Afrika İsveç Şurasının sözçüsü Kitimbvı Sabuni isə bunun təhqir olduğunu iddia edib: “Nazirin iştirakı, gülməsi, içməsi və bu tortdan yeməsi irqçilikdən əziyyət çəkən insanları və sünnət edilən qadınları təhqir etməkdən başqa bir şey deyil”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada sünnət edilmiş 140 milyon qadın yaşayır. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə isə bu, Afrikanın 28 ölkəsində yayılıb.